Çexiyanın "Slovan" (Liberets) komandasının ötən gün keçirməli olduğu məşq baş tutmayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna infeksion xəstəlik səbəb olub.
Komanda üzvlərinin böyük hissəsi Bakıda "Qarabağ"la keçirdikləri Avropa Liqasının I tur matçından sonra virusa yoluxublar. Klubun idman direktoru Yan Nezmar bildirib ki, vəziyyət yaxşılığa doğru dəyişsə də, hələ də karantinə ehtiyac duyulur. Bu gün səhər məşqində xəstə futbolçular tibbi müayinədən keçəcəklər. Onların məşqə qatılmalarına icazəni məhz həkimlər verməlidirlər.
Qarşıda isə "Slovan"ı sentyabrın 29-da evində Yunanıstan PAOK-u ilə II tur qarşılaşması gözləyir. Nezmar oyunadək futbolçuların hazır olacaqlarını, amma optimal formaya düşə bilməyəcəklərini vurğulayıb.
Biletlər isə satışdadır. Yalnız avtoqraf almaq üçün fan-zonaya giriş qadağan edilib.
Qeyd edək ki, Liberets şəhərindəki "U Nisy" stadionunda keçiriləcək "Slovan" - PAOK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.