"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Neftçi" ilə Azərbaycan Kubokunun final matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis tədbirdə sualları cavablandırıb...
- Mayın 22-də keçiriləcək oyun barədə nə deyə bilərdiniz?
- Çox maraqlı oyun olacaq. İstərdik ki, azarkeşlər də çox olsun və matç daha maraqlı alınsın. Qoy, kim güclüdürsə, o da qalib gəlsin.
- Heyətlə bağlı hansı problemləriniz var?
- İki müdafiəçimiz - Elnur Allahverdiyev və Ürfan Abbasov qırmızı vərəqə səbəbindən oynaya bilməyəcəklər. Qalanları hazırdırlar.
- "Qəbələ" tarixinin ən yaxşı nəticəsini qazanıb. Bunu Syominin karyerası üçün də uğurlu saymaq olar?
- Əlbəttə, mənim karyeram üçün də önəmlidir. Bürünc medal aldıq.
- "Neftçi"nin sağ cinahında Araz Abdullayev və Mahir Şükürov oynamayacaq. Bunu komandanızın üstünlüyü saymaq olar?
- Əlbəttə, Araz Azərbaycanın yaxşı futbolçularından biridir, millidə oynayır. Amma bu, elə deyil ki, biz bunu zəif hesab edək. Onun yerində oynayan Samir Məsimov da çalışacaq.
- Deyirsiniz ki, gələn təkliflərə görə sevinirəm. Bu o deməkdir ki, siz "Qəbələ"dən getməyə can atırsınız?
- Bu sual sabahkı oyuna aid deyil, ona görə də gələcəyi sonra fikirləşərik.