"18 yaşım olanda Azərbaycan yığmasında oynamaq təklifi aldım. Mən həqiqətən də vətəndaşlığımı dəyişə bilərdimmi? Bəli, bilərdim”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Rusiya milli komandasının əslən Azərbaycandan olan futbolçusu Aleksandr Səmədov öz ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Azərbaycan milli komandasında oynamaq variantından növbəti dəfə söz açan 32 yaşlı yarımmüdafiəçi imtinasına toxunub: "Biz sonda atamla masa ətrafında əyləşdik və hər şeyi ölçüb-biçdik. Onda mən qərar verdim ki, Rusiya yığmasında oynamaq istəyirəm. Atam məni dəstəklədi və dedi ki, gözlə, səni mütləq çağırıcaqlar”.
Səmədov Rusiya yığmasını seçdiyinə görə peşman olmadığını bir daha söyləyib. O, rusiyalı həmkarımızın "Azərbaycan qarşısında özünü günahkar sayırsanmı" sualını belə cavablandırıb: "Yox, niyə ki? Mən nədə günahkaram? Atam Bakıda anadan olub, ancaq 40 ildən çoxdur Rusiyada yaşayır. Anam rusdur. Mən moskvalıyam, burda böyümüşəm, oynamağı öyrənmişəm və həmişə yığmaya düşməyi arzulamışam. Şükür Allaha ki, bu, məndə alındı".