Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib.
O, oğlunu ixtisası üzrə işə düzəltmək istədiyini və buna görə də dostunun məsləhəti ilə M.Əhmədova 15 min manat pul verdiyini deyib: "Neçə il keçdi Maşallah Əhmədov oğlumu iş düzəltmədi, pulumu da qaytarmadı. Onun mənə vurduğu ziyan 350 min manatdır. O, mənə İrandan tikinti daşı gətrmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".
M.Əhmədov isə həmin adamla İrana gedib tikinti daşları gətirdiyini qeyd edib. Hakim M.Əhmədovdan soruşub ki, əgər zərərçəkmiş düz danışmırsa niyə ittihamları qəbul edib və imzalayıb. M.Əhmədov isə bildirib ki, o, heç nəyə qol çəkməyib və ittihamı qəbul etmir. Daha sonra iclasda Y.Əzizmovun oğlu Nizami Əzizov ifadə verib. O da atasının dediyini təsdiq edib. Proses şahid Qaçay Əliyev dindirilib. O da M.Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib.
Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.