"Alışmadığmız meydançada oynamalı olduq. Çünki sintetik ötrükdə çıxış edirdik. Qazon keyfiyyətsiz idi ki, belə bir yerdə oynamağa öyrəşməmişik. Ona görə də bir az çətinlik yarandı”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının X turunda səfərdə 1:0 hesabı ilə məğlub etdikləri AZAL heç də autsatder kimi zəif rəqib deyil: "Baş məşqçimiz bizi əvvəlcədən çətinliklərlə bağlı məlumatlandırmışdı. AZAL kimi komandalara qarşı oynamaq elə də asan olmur. Önəmli olan 3 xalı qazanmağımız idi. Muarem vacib qolun müəllifi oldu”.
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşıdakı vacib oyunu, çətin səfər sınağını nəzərə alaraq bir sıra əsas heyət üzvlərinə istirahət vermişdi. Almeydanın fikrincə, onları əvəzləyənlər yaxşı təsir bağışlayıblar: "Əsas heyət oyunçularının yerinə meydana çıxan futbolçularımız zəif deyillər. Onlar da start heyətində yer almağa layiqdirlər. Baş məşqçi kimə şans verirsə, özünü göstərməyə çalışır. Heç biri də pis futbolçu deyil, istər İlqar Qurbanov, Şahruddin Məhəmmədəliyev, istərsə də başqaları olsun”.
Yarımmüdafiəçi PAOK-la noyabrın 3-də Salonikidə keçiriləcək matçdan da söz salıb. O, rəqibin öz meydançasında çox inamlı təsir bağışladığını bildikləri söyləyib: "Bu üzdən çətin olacaq. Yunanıstandakı azarkeşlər öz komandalarını 90 dəqiqə dəstəkləyəcəklər. Rəqibin belə güclü azarkeş dəstəyinə malik olması əlavə problem yaradır. AZAL-la matç çətin idisə, PAOK-la qarşılaşma bundan 10 dəfə çətin olacaq. Baş məşqçimiz bizə lazımı göstərişlərini verəcək. Komandamız bir olsa, futbolçular bir-birinə kömək olsa, baş məşqçinin tapşırıqlarını yerinə yetirsə, səfər oyununu da istənilən nəticə ilə başa vuracağımıza inanıram”.
Xatırladaq ki, "Qarabağ" PAOK-a Bakıda 2:0 hesabı ilə qalib gələrək xal hesabında ona çatıb və şəxsi oyuna görə 2-ci pillədədir.