
"Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya çempionatında X turun "Alaves"lə səfər matçında 3 qol vurub. Sportnet.az-ın məlumatına görə, bu, Ronaldu üçün bütün turnirlərdə 43-cü, La Liqada 31-ci "het-trik" olub.
Digər tərəfdən, o, çempionatda 350 qol vurmasına baxmayaraq, "Alaves"in qapısına ilk dəfə yol tapıb. Görüş "Real Madrid"in qələbəsi ilə yekunlaşıb - 4:1. Ronaldunun "poker" etməsinə 79-cu dəqiqədə penaltidən yararlana bilməməsi mane olub. Beləliklə, 31 yaşlı hücumçu son 7 penaltisindən 4-nü dəqiq vurmayıb.
Qeyd edək ki, 10 turdan sonra "Real Madrid" İspaniya çempionatında birinci pillədə gedir. "Kral klubu" növbəti oyununu noyabrın 6-da "Leqanes"ə qarşı keçirəcək.