Bu gün "Qəbələ” futbol komandası Avropa Liqasının qrup mərhələsində IV turun matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun baş məşqçi olduğu komanda ardıcıl 4-cü məğlubiyyətini Fransa "Sent-Etyen”i ilə ev oyununda alıb.
Hərçənd, matçda hesabı meydan sahibləri açıb. Cərimə zərbəsindən sonra Ruslan Qurbanov topu başla qapıdan keçirib. Lakin rəqib fasiləyə saniyələr qalarkən elə cərimə zərbəsindən sonra tarazlığı bərpa edib. Bu epizodda ukraynalı qapıçı Dmitri Bezotosnının səhvi də rol oynayıb. Həmin qoldan az öncə Qriqorçuk baş hakimin qərarına növbəti dəfə etiraz etdiyi üçün "texniki zona”dan qovulub.
"Qırmızı-qaralar” ikinci hissənin əvvəlində daha bir top buraxıb və 1:2 hesabı ilə uduzub. Bununla da "Qəbələ”nin qrupdan çıxmayacağı rəsmiləşib. Buna digər oyunda "Anderlext”in "Maynts” üzərində qələbəsi də təsir göstərib.
Hazırda "Anderlext" və "Sent Etyen" 8 xalla qrupa başçılıq edir. "Maynts" 5 xala malikdir. "Qəbələ" isə xalsızdır.
Avropa Liqası, qrup mərhələsi, IV tur
3 noyabr
C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa) - 1:2
Qollar: Ruslan Qurbanov, 39 - Ussama Tanan, 45. Robert Beriç, 53
Baş hakim: Karlos Del Serro Qrande
Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes
Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)
Bakı. "Bakcell Arena"