Azərbaycan Premyer Liqasının XI turunun hazırda keçirilən AZAL – "Qəbələ” matçında insident yaşanıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk yenə "texniki zona”dan qovulub. Ukraynalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində Fransa "Sent-Etyen”i ilə "Bakcell Arena”da olduğu kimi, çempionatda "AZAL Arena”dakı matçda da baş hakimin qərarından narazı olduğu üçün tribunaya göndərilib.
Hər şey AZAL-ın heyətində "Qəbələ”nin Futbol Akademiyasının yetirməsi Kamal Mirzəyevin kobud oyunundan sonra baş verib. Qriqorçuk buna görə qırmızı vərəqə tələb etsə də, baş hakim İnqilab Məmmədov sarı vərəqə ilə kifayətlənib. Bu zaman AZAL-ın digər yarımmüdafiəçisi İlqar Ələkbərovla "soz atışması”na çıxan 51 yaşlı mütəxəssis referidən xəbərdarlıq alıb.
Bundan az sonra Qriqorçuk AZAL-dakı həmkarı Tərlan Əhmədovla mübahisəyə girişib və qeyri-etik sözlər ona baha başa gəlib. Nəticədə Məmmədov ukraunalı baş məşqçini tribunaya göndərib. Ancaq Qriqorçukun hazırda oturduğu yer "Qəbələ”nin ehtiyat oyunçular skamyasının düz arxasında olduğundan, baş məşqçi elə oradan komandasını idarə edə biləcək. Onu isə "texniki zona"da köməkçisi Sənan Qurbanov əvəzləyib.