1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk AZAL-ın futbolçusuna görə üzüldü: "Mənim üçün böyük cəzadır" - MÜSAHİBƏ
"Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun Sportnet.az-a müsahibəsi
- AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında 1 oyunluq cəzaya məruz qaldınız. Bu da son turda AZAL-la səfər matçında "texniki zona” qaydalarını pozmağınıza görədir…
- Qərarı geniş müzakirə etmək istəmirəm. Bunu qəbul edən bütün insaların fikirlərinə hörmətlə yanaşıram. Başa düşürəm ki, müzakirə etməyə bir şey yoxdur. Çünki mənə haqq qazandıran bütün məqamlara baxmayaraq, baş məşqçi özünü belə aparmamalıdır. Ona görə qərar baş verənlərə uyğun verilib. Bu fikirdə qalıram ki, cəzanın olub-olmamağından asılı olmayaraq, belə davranışa yol verməməlisən.
- Futbolçumuza qarşı kobud oyuna görə qəzəbləndiyiniz AZAL-ın "14 nömrə”li futbolçusu İlqar Ələkbərov qarşılaşmada cəzasız qalsa da, AFFA ona güzəştə getməyib. Həmin futbolçu 2 oyunluq cəzalandırılıb…
- Məsələ onda deyil ki, mən qəzəblənmişdim. Sadəcə, onu istərdim ki, futbolda belə anlara ümumiyyətlə, yol verilməsin. İndi həmin futbolçu cəzalanıbsa, mən ona üzülürəm. Çünki bir neçə matçda meydanda olmamaq futbolçu üçün çox pisdir. Mən belə olmasını istəməzdim. Ancaq bilirəm ki hansısa qayda-qanun var və onlara əməl etməliyik. Bunsuz mümkün deyil. Belə hərəkətə yol vermək olmaz. Onda müzakirə ediləsi bir şey də olmayacaq.
- Baş hakim həmin futbolçuya qırmızı vərəqə göstərsəydi, onda bütün bunlar baş verməzdi, siz də cəzalanmazdınız…
- Əlbəttə, bu, ilk səbəbdir. Hakimlərlə bağlı həmişə belə çox danışmaq istəmirəm. Sadəcə, cəza qırmızı vərəqəlik idisə, baş hakim futbolçuya yaxınlaşıb bunu göstərməli idi, vəssalam. Onda heç bir şey, söz-söhbət, münaqişə olmayacaq, hər şey qaydasında olacaqdır. Bu, ideal variant olardı. İndi də heç kim neqativ anlar haqda danışmayacaqdır. Belə çıxır ki, bir səhv bütün bunlara gətirib çıxardı.
- Belə alınır ki, 5 gündə ardıcıl 2 oyunda – noyabrın 19-da "Zirə” ilə Premyer Liqada, 24-də "Anderlext”lə Avroliqada ev oyununda "texniki zona”da ola bilməyəcəksiniz. Tribunada komandanızı izləmək sizə nə dərəcədə çətin olacaq?
- Düşünmürəm ki, baş məşqçinin yoxluğu həlledici amildir. Deməzdim ki, bu, qorxulu bir şeydir. İstənilən halda, özüm "texniki zona”da olmaq istərdim. Çünki komandanın yanında olmamaq mənim üçün çox çətindir. Reallıq budur ki, müəyyən məsafədə kənarda olmağa məcbursan. Halbuki, futbolçularla birgə olmağa, birgə yaşamağa, birgə nəfəs almağa öyrəşmişəm. Bu hal mənim üçün böyük bir cəzadır və neqativ andır.
- "Qəbələ”də ilk cəzanızda, ötən çempionatda komanda səfərdə "Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlmişdi. Sadəcə, onda komandanı meydana çıxaran köməkçiniz həmyerliniz, artıq klubda olmayan Mixaylo Savka idisə, indi Sənan Qurbanovdur…
- Bəli, məndə artıq bir belə olay olmuşdu. Çox səviyyəli köməkçilərim var. Onlarla böyük hörmətlə yanaşıram, yüksək etimad göstərirəm. Ona görə də bu matçları yüksək səviyyədə keçirəcəklərinə şübhə etmirəm.
- UEFA-dan "Sent-Etyen”lə oyunla bağlı haqqınızda cəza qərarı gəlib?
- Bilmirəm. Çünki mənə heç kim heç nə deməyib. Heç yerdə informasiya görməmişəm. Ona görə sualınıza cavab verə bilmərəm.