Azərbaycan Premyer Liqasının cari mövsümündə yenidən ikihakimiyyətlilik yaranıb. Sportnet.az-ın məlumatına görə, ilk turu nəzərə almasaq, bunadək yalnız II turda "Qəbələ” vahid lider olmamışdı.
Onda "İnter”lə hər ikisi 4 xala malik idi. İndisə XI turdan sonra "Qəbələ” ilə "Qarabağ”ın eyni – 25 xalı var. Sadəcə, "qırmızı-qaralar” rəqibinə qalib gəldiyindən (2:0) şəxsi oyuna görə öndədir. Qələbə sayı əsas götürülsəydi, Ağdam klubu 1-ci pillədə olmalı idi.
Roman Qriqorçukun komandası 6 xallıq üstünlüyünü əldən verib. Bu, son 4 turda səfərdə edilən 3 heç-heçə və 6 xal itkisi nəticəsində "əriyib”. "Qəbələ”nin "İnter”lə bərabərliyi başadüşülən idisə, autsayder "Sumqayıt” və xüsusilə AZAL-la heç-heçələr yolverilməz idi. "Qarabağ” millinin fasiləsindən sonra keçirilən bu 4 turun hamısında gəlməklə yüzfaizlik nəticə göstərib.
Liderlərə müqavimət göstərən "İnter” üçün də son 1 ay uğursuz olub. Təsadüfi deyil ki, 4 oyunun yalnız 1-də qalib gələn, 2-də heç-heçə edən Zaur Svanadzenin komandası 7 xal itirib. "Bankirlər” şərikli liderdən artıq 5 xal aralı düşüb ki, bu da çempionluq mübarizəsində az fərq deyil. "İnter”in ən yaxın izləyicilərindən sabit çıxış edən olmadığına görə 3-cü pillədə mövqeyi möhkəmdir.
Son tur qol kasadlığı ilə də diqqət çəkib. İki oyunda ümumiyyətlə, qol olmayıb. Qalan 2 matçda isə 5 qol vurulub. Bu, cari çempionatın antirekordundan sonra ən pis göstəricidir. Həmin antirekord da məhz II turda qeydə alınmışdı – 4 oyuna 3 qol.
XI tur "İnter” ilk məğlubiyyəti ilə yadda qalıb. Nəticədə uduzmayan hələ yalnız "Qəbələ”dir. Qələbə və heç-heçə göstəricilərində isə AZAL və "Neftçi”nin qarşısında hələ də sıfır yazılıb.
Son tur qol vuranlardan Jonas Pesalli milli çempionatımızda, Elvin Yunuszadə cari mövsümdə qol hesabını açıb. Dani Kintana cari çempionatda 3-cü, Zurab Xizanişvili 2-ci dəfə qol vurub.Araz Abdullayev artıq 4-cü dəfə fərqlənməklə (yarısı penatidən "İnter”ə) bombardir Baqali Dabonun ən yaxın izləyicilərindən biri olub. İndi o da Ağabala Ramazanov, Reynaldo Silva qədər fərqlənib. Əslində, Yunuszadə Reynaldonun gözəl qoluna şərik çıxmasaydı, braziliyalı hücumçu 5 qolla 2-ci pillədə olacaq və Dabo ilə fərqi 2-yə endirəcəkdir.