"Düşünürəm ki, Şimali İrlandiya Azərbaycana qalib gələcək. Son zamanlar baş məşqçi Maykl O Nill və komandası "Uindzor Park”da mükəmməl oynayır. Ümid edirəm ki, Azərbaycana qarşı da eyni oyunu sərgiləyəcəklər". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Şimali İrlandiya milli komandasının bombardiri Devid Hili bildirib.
Futbolçu karyerasını artıq başa vuran 37 yaşlı keçmiş hücumçu Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki qarşılaşmaları xatırlayıb: "Rəqibimiz həmin seçmə mərhələdə bizdən 6 mümkün xaldan 4-nü aldılar. Amma indi bunun baş verəcəyini düşünmürəm. Beynəlxalq arenalarda son qolumu Azərbaycan millisinə vurmuşdum. O oyun mənim üçün unudulmaz idi”.
Xatırladaq ki, Hili 2012-ci ilin noyabrın 14-də millimizlə Belfastda 1:1 hesabı ilə nəticələnən matçın 90+6-cı dəqiqəsində cərimə zərbəsindən vurduğu qolla yığmasını məğlubiyyətdən xilas edib. O, millidə çıxış etdiyi 13 ildə 95 oyunda vurduğu 36 qolla ən məhsuldar futbolçudur.















































































