"Bakıya gəlişim şəxsi məqsədlədir. Karyeramın uzun müddətini keçirdiyim ölkəyə dəfə qonaq qəlmişəm. Mənim də menecerim olmuş FİFA agentiniz Ruslan Xəlilovun qonağıyam".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının qalibi olmuş moldovalı veteran futbolçu Vadim Borets deyib. Kayerasının son 7 ilini (2005-12-ci illər) "Neftçi" və "Bakı"da keçirən, sonuncularla 2009-cu ildə çempion olan 40 yaşlı keçmiş yarımmüdafiəçi karyerasını da məhz bu klubda bitirib: "Futbol həyatımın böyük hissəsi Azərbaycana bağlı olub. Uzun illər Bakıda yaşamışam. Üç ildən sonra yenidən paytaxtınıza gəlmişəm. Həmişəki kimi gözəldir. Hələ Bakıdakı dostlarımla görüşməmişəm. Bir neçə gün qalmaq, Azərbaycan Premyer Liqasını izləmək istəyirəm".
"Bakı" klubunun bir sıra legionerləri kimi Boretsə də borcu var. O, "Bakı"da da birgə oynadığı Aleksey Savinovla birgə FİFA-ya şikayət edərək məhkəmədən qalıb ayrılsa da, hələ də pullarını ala bilməyiblər: "Bakı"nın borc məsələni artıq unutmuşam (gülür). Bakıya səfərim bununla bağlı deyil. Çətin ki, bu məsələdə bir yenilik olsun".
Qeyd edək ki, Vadim Boretsin son iş yeri Moldovanın yüksək liqa təmsilçisi "Ungen" olub. O, həmin klubun baş məşqçi postundan oktyabrın əvvəlində gedib.
Mehman SÜLEYMANOV