"Zaqatala" klubunun prezidenti Musa Qurbanovun Sportnet.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşına müsahibəsi
- "Ağsu"ya 3:1 hesabı ilə qalib gəldiyiniz matç haqda düşüncələrinizi bölüşərdiniz...
- Öncə Zaqatalata gələn bütün jurnalistlərə təşəkkürümü bildirirəm ki, buradakı oyunu işıqlandırırsınız. Komandamız 4 gündən bir oyun oynadığı üçün yorulmuşdu. Buna rəğmən, futbolçularıma yaxşı oynadıqları üçün təşəkkürümü bildirirəm. Hər iki komanda yaxşı çıxış etdi. "Ağsu" indiyə qədər oynadığımız ən güclü komandalardan biri oldu. Yaxşı təşkilatlanmış kollektivə malikdilər. Məncə, gələcəkdə layiqli qələbələr qazanacaqlar. Çalışırıq ki, komanda Premyer Liqaya vəsiqə qazanacaq yerlərdən birini tutsun. Lisenziya şərtlərinin üzərində də işləyirik. Təkcə lisenziya şərtlərinə görə yox, həm də tutduğumuz yerə görə əsas dəstədə mübarizə aparmağa layiq olmalıyıq.
- "Zaqatala" "Simurq"un yoxluğunu unutdurubmu?
- Deməzdim ki, tam unutdurub. Amma çalışırıq unutduraq. Son oyunlarda qazandığımız uğurlar daha çox azarkeşi stadiona cəlb edəcək.
- "Simurq"un son matçında da jurnalistlər gəlmişdi və hakim Orxan Məmmədov idi. İndi də vəziyyət eyni oldu. Bu, sizdə xüsusi həyəcan yaratmadı ki?
- Həyəcan hər oyunda olur. Hər matçı belə keçiririk. Rəqibimiz turnir cədvəlinin hansı pilləsində yer alsa da, bizim üçün bunun fərqi yoxdur.
- Mövsümün əvvəlində komandanın heyətində legioner futbolçu dünyasını dəyişdi. Bundan sonra komanda tamamilə yerli futbolçulardan quruldu...
- Ona görə legionerlərdən imtina etdik ki, bizə AFFA-dan yerli futbolçulara üstünlük verməyi tövsiyə etdilər. Biz də buna əməl etməyə çalışırıq. Legionerimiz dünyasını dəyişməsəydi, bu gün aramızda olardı.
- Sizcə, Oruc Balaşlı Premyer Liqada oynaya biləcək gücdədir?
- Məncə, o, gələn il Premyer Liqada oynamaq iqtidarında olacaq. Çünki oyundan-oyuna təcrübəsini artırır və öz üzərində işləyir.
- Orucu qardaşınız Qurbana tövsiyə etməyəcəksiniz?
- Xeyr, Balaşlı hələ ki bizim komandanın üzvüdür. Qurban hər bir perspektivli azərbaycanlı futbolçuya şərait yaradır və maraqlanır. Oruc da onun nəzarətindədir.
- Stadionun örtüyünün yenilənəcəyi gözlənilir?
- Bilirsiniz ki, bu, çox pul tələb edən işdir. Gələcəkdə maliyyə vəziyyətimiz düzəlsə, bu məsələyə baxacağıq.
- Müşahidə Şurasının üzvləri buradadılar?
- Bircə AFFA-da çalışan Bəhram müəllimi çıxmaq şərtilə hamısı burda idi.
- "Ayın ən yaxşı qolu" nominasiyasına iki futbolçunuz namizəd idi. Siz olsaydınız, hansını seçərdiniz?
- Mən də Emin Mehtiyevin qolunu seçərdim. Çox baxımlı qola imza atdı. Qələbələrə görə də futbolçulara əlavə mükafat veririk.
Seymur Kərimli, Zaqatala