1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"u hələ ki unutdura bilməyən "Zaqatala"
Noyabr ayında Böyük Qafqaz dağlarına tərəf üz tutursunuzsa, mülayim hava şəraiti ilə qarşılaşmaq şansınız nə qədərdir? Məncə, çox az. Az olan ehtimal mümkünə çevrildi və bizi Zaqatalada mülayim, sərt olmayan günəşli təbiət qarşıladı. Meşələrin, dağların arası ilə davam edən 6-7 saatlıq səyahət yorğunluğa dəyərdi.
"Zaqatala” – "Ağsu” matçı elə tərzdə keçməli idi ki, təbiəti unutdurub bizi oyuna kökləsin. Ev sahibləri matça gözlənilən qədər maraq göstərməsələr də, tribunada heç də səssiz durmadılar. Azərbaycan I Divizionunda baş tutan bu qarşılaşma canlı yayımlanmadı. Amma bu oyuna baxmayanlar, məncə, çox şey itirdilər. Yaxşı mənada bir futbol mübarizəsində baş verə biləcək istənilən hadisə bu oyunda oldu.
Dueldən öncə maraqlı məqamlar yaşandı. "Zaqatala”nın futbolçusu Emin Mehtiyev yerli azarkeşlər qarşısında "Ayın ən yaxşı qolu” üçün nəzərdə tutulan xüsusi mükafatı və 500 manatlıq "nəhəng zərf"i aldı. Bundan başqa, klubun sadiq azarkeşlərindən olan İnqilab dayının ad günü münasibətilə klub rəhbərliyi tərəfindən ona üzərində "57 nömrə"li forma hədiyyə edildi.
Mükafatlandırma mərasimi bitdikdən sonra azarkeşlərin və futbolçuların sanki ayaqları yerdən kəsilmişdi.
Oyun başlayan kimi "Ağsu”nun erkən qol vurması "Zaqatala”nı favorit göstərən hər kəsə "soyuq duş” oldu. Amma meydan sahiblərinin futbolçuları buna erkən verilən cavabla süni örtüklü meydana daha möhkəm ayaq basmağa başladı. Elə bil ki, "Ağsu”nun bir atımlıq barıtı varmış... Bundan sonra "Zaqatala”nı saxlaya bilənə eşq olsun! Şaban Şirdanovun yetirmələri doğru olanı etdi, ən əsası, hücum futbolu oynayaraq rəqibini qapısına tərəf sıxdı və hesabda önə keçdi. İlk hissənin sonlarına qədər ev sahibi üstünlüyünü qoruyub saxladı.
Fasilədə həm Zaqatalanın təmiz havasını almaq, həm də stadionu müşahidə etmək üçün qısa bir gəzintiyə çıxdım. "Rəhmətlik” "Simurq”dan qalan tək xatirə stadionun girişindəki "Simurq” yazısı və meydanın bir kənarına atılmış köhnə, yararsız hesab tablosu idi. Yerli azarkeşlərlə söhbətləşərkən o da məlum oldu ki, şəhər rəhbərliyi oyunlara hərdən gəlir, amma çox vaxt yox. Amma "Zaqatala"nın Premyer Liqaya çıxacağına olan inam hissi maksimumdur.
İkinci hissə başlamamış ənənəvi olaraq yan xətt hakimləri qapı torlarının qüsurlu olub-olmadığına baxdılar. "Ağsu”nun qapısının torunda açılan dəlik 2-ci hissənin başlamasını bir qədər yubatdı. Bu zaman köməyə "topdaşıyanlar" yetişdilər. Onlar cəldliklə problemi aradan qaldırdılar.
Bu, sanki "Zaqatala”nın qolu üçün toru hazır vəziyyətə gətirməyə, futbol adamlarımızın dili ilə desək, cadulamağa bənzəyirdi. Çünki ikinci hissənin əvvəlində Şirdanovun komandası hesabı 3:1 etdi. Bu iki olay arasındakı zaman fərqi elə də çox olmadı.
Beləliklə, azarkeşlərin və futbolçuların bir-birilərinə verdikləri mənəvi enerji onlarda əlavə inam yaratmışdı. Oyunun böyük hissəsində istər oyunun baş hakimi Orxan Məmmədov, istərsə də qonaq komanda təzyiq altında qaldı. 64-cü dəqiqədə "Zaqatala”nın "10 nömrə"si Arzuman Nəsibovun rəqib cərimə meydançasında yıxılmasını hakim simulyasiya kimi dəyərləndirdi. Nəticədə Nəsibov 2-ci sarı vərəqəni alaraq meydanı tərk etdi. Bundan sonra "Ağsu”nun nəsə edəcəyinə ümid etmək olardı, amma qonaqlar matçın yalnız 75-ci dəqiqəsindən sonra ayıla bildilər.
Meydan sahibləri həm hesabın verdiyi rahatlıqla, həm də 10 nəfərlə qalmağın verdiyi qorxu ilə geriyə çəkilib rəqibi əks-hücumlarda yaxalamağa çalışırdılar. Komandanın 1 nəfər azlıqda qalması ümumi hesaba təsir etmədi.
Matç sonunda iki cəbhənin futbolçuları bir-birlərini təbrik etdilər. Amma ən təsirli olay sonda "Zaqatala”nın aşağı yaş qruplarında forma geyən futbolçularının "Simurq” forması geyinməsi idi. Bu, həmin klubun hələ yaddaşlardan uzun müddət silinməyəcəyinə dair əyani sübut idi...
Seymur Kərimli, Zaqatala