"Zirə” ilə görüşdə qalib gəlmək çox vacib idi. Hər iki komanda üçün çətin oyun oldu. Layiqli qələbə qazansaq da, bu, asan başa gəlmədi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin xorvatiyalı futbolçusu Filip Ozobiç klubunun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XII turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi rəqibin yaxşı komanda olduğunu çox yaxşı bilirdik: "Zirə" bunu meydanda da göstərdi. Amma istəyimizə çatıb, lazım olan nəticəni qazandıq. "Qəbələ”də çox yaxşı kollektiv formalaşıb. Biz meydanda vahid komanda, dostlar kimi mübarizə aparırıq. Bu matçda da belə oldu. Hər oyunçu bacarığının 100 faizini ortaya qoydu və nəticədə 3 xal əldə etdik. Sevinirik ki, lazım olan nəticəni qazandıq".
Ozobiç çempionatdakı növbəti oyununu keçirəcəyi "Qarabağ"la matça toxunub: "Bu qələbədən sonra növbəti turun matçına yüksək əhval-ruhiyyədə yollanacağıq. Həmin görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək. "Qəbələ”nin lider mövqeyində qalması üçün bacardığımız hər şeyi edəcəyik. Bu qarşılaşma nə qədər vacib olsa da, həlledici deyil. Çünki qarşıda hələ çox oyun olacaq”.
"Qəbələ”də 7-ci, Premyer Liqada 5-ci qolunu vuran Ozobiç karyerasının ən məhsuldar mövsümünü keçirir. Yarımmüdafiəçi matçın taleyini həll edən qol və məhsuldarlığı haqda da fikirlərini bölüşüb: "Qol epizodunda yaxşı mövqedə olduğumu görürdüm. Vəziyyəti qiymətləndirib, həmin nöqtədən yaxşı zərbə endirməyin mümkünlüyünü fikirləşdim. Belə də etdim və hər şey istədiyim kimi alındı. Məhsuldar çıxış etməyim onunla bağlıdır ki, özümü "Qəbələ”də çox yaxşı hiss edirəm. Bundan sonra da komandam üçün daha çox qol vurmaq istəyirəm”.
Xorvatiyalı legioner Avropa Liqasının noyabrın 24-də keçiriləcək "Anderlext”lə Bakıdakı görüş haqda da danışıb. O, qrup mərhələsinin V turunda qələbə qazanmağa iddialı olduqlarını qeyd edib: "Anderlext”lə matçda yaxşı oynayıb, xallar qazanmaq niyyətindəyik. Son ev oyununda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Belçika klubu çox güclü komandadır. Lakin biz də yaxşı oyun nümayiş etdirib, qələbə qazanmağa çalışacağıq. Hər bir futbolçu özünün ən yaxşı oyununu göstərsə, istəyimizə çata bilərik”.