"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
- Niyyətimiz ilk dəqiqələrdən məlum idi. Çox sevindirici haldır ki, qol vurduqdan sonra arxada oturmadıq, irəli atıldıq. Nəticədə ikinci qol vurduq. Bu həftə Avropada yaxşı oyunlar gedirdi. Uşaqlara dedim ki, o cür gözəl oyunlara biz də rəng qataq, həftəyə rəng qataq. Halal osun uşaqlara!
- Olmazdımı ki, nəticələrinizdə sabitlik olsun?
- Sabitlik üçün çox şeylər dəyişməlidir. Bu futbolçular yaşlı olsalar da, təcrübə baxımından axsayırlar. Belə oyunlar onlara bir dərsdir. Hər oyunumuzun belə keçəcəyini deyə bilmərəm.
- Məhəmməd Qurbanovun əsas heyətdə oynaması, Mirabdulla Abbasovla Amil Yunanovun ehtiyatda qalması nə ilə bağlı idi?
- Məhəmməd oyun öncəsi məşqdə zədələnmişdi, amma oynayacağam dedi. Digər tərəfdən, Murabdulla Abbasov fərqli oyunçudur. Ona görə də əsas heyətdə Qurbanovu buraxdım.
- "Sumqayıt" bu mövsüm 4-cü yeri tuta bilərmi?
- Hər oyuna qələbə üçün çıxırıq. Amma 4-cü yer əlçatmaz kimi görünür. Çalışacağıq ki, növbəti oyundan da qalib ayrılaq.
- Sanki hər qələbənizdən sonra komandanızda eyforiya yaranır...
- Bu, məni narahat edir. Köməyi sumqayıtlı jurnalistlərdən istəyirəm ki, futbolçuları vurub-əzəsiniz. Təki eyforiya olmasın.