UEFA "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku 1 oyunluq cəzalandırıb. Bu haqda Sportnet.az-a klubun meneceri Səhuhi Səfiyarlı məlumat verib.
O, qurumun İntizam Komitəsinin çıxardığı bu qərarın ukraynalı mütəxəssisin Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubu ilə "Bakcell Arena"dakı oyunda baş hakimin qərarına etiraz etdiyinə görə "texniki zona"dan kənarlaşdırılması ilə əlaqədar olduğunu bildirib. Səfiyarlı qərarda cərimənin olmadığını da qeyd edib.
Qitə futbol qurumu Qriqorçuku bu hərəkətinə görə 1 oyunluq diskvalifikasiya edib. Bu isə o deməkdir ki, Roman İosifoviç "Anderlext"lə noyabrın 24-də "Bakcell Arena"dakı qarşılaşmada "texniki zona"da ola bilməyəcək. O, matçdan sonra keçirilən mətbuat konfransında da iştirak etmək hüququna malik deyil. Qriqorçuku həmin görüşdə köməkçisi Sənan Qurbanov əvəzləyəcək.
Qeyd edək ki, "Qəbələ"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının son turunda "Zirə" ilə ev oyununu da tribunadan izləməli olub. Bu, onun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması ilə bağlı idi. Ukraynalı mütəxəssis çempionatda da "texniki zona"da ola bilməsə də, komandası 1:0 hesabı ilə qalib gəlib.








































































