Bu gün "Qəbələ" klubu Avropa Liqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, V turda rəqib Belçikanın "Anderlext" klubu olub.
"Bakcell Arena"da keçirilən matçda topa ilk toxunuşu qonaqlar edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ilk qolu Belçika təmsilçisi vurub. Yuri Tilemans 10-cu dəqiqədə topu Dmitri Bezotosnının qoruduğu qapıdan keçirib. Lakin "qırmızı-qaralar"ın cavab topu özünü çox gözlətməyib. Baş hakim cərimə meydançasında Asif Məmmədova qarşı kobudluğu penalti kimi dəyərləndirib. Topun arxasına keçən Rikardinyo hesaba trazlıq gətirib - 1:1. İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissədə meydan sahibləri daha aktiv oyun nümayiş etdiriblər. 75-ci dəqiqədə rəqib qapıçının Ruslan Qurbanova kobud oyunu "Qəbələ"yə daha bir penalti qazandırıb. Bu dəfə də Rikardinyo topa yaxınlaşıb. Lakin "Qəbələ"nin futbolçusu zərbədən əvvəl cərimə meydançasına daxil olduğu üçün hakim Rikardinyonun qolunu qeydə almayıb. Təkrar penaltidə isə futbolçu çərçivəyə düşə bilməyib. Oyunun 90-cı dəqiqəsində rəqib futbolçu Massimo Bruno "Qəbələ"in qapısından ikinci topu keçirib. Artırma dəqiqələrində "Anderlext" yenə fərqlənib. Bundan sonra qapılara qol vurulmayıb və oyun "Anderlext"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə aktivində xal olmayan "Qəbələ" qrup sonuncusudur. "Anderlext" isə 11 xalla birinci pillədə qərarlaşıb.
24 noyabr
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) - 1:3
Qol: Rikardinyo 15-pen - Yuri Tilemans 10. Bruno 90. Lukaş, 90+3
74-cü dəqiqədə Rikardinyo ("Qəbələ") penaltini dəqiq vura bilməyib.
Baş hakim: Levgeni Aranovskyi
Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk
Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko
Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. "Bakcell Arena" stadionu