"Neftçi"nin braziliyalı legioneri Jayro Rodroges Azərbaycan kubokunda "Şərurspor"la 1/8 final matçından sonra müsahibə verib. Təcrübəli müdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının suallarını da cavablandıırıb.
- Matç haqda nə deyə bilərsən?
- Kubok matçı bir oyundan ibarət olduğu üçün qələbə qazanmaq istəyirdik. Növbəti mərhələyə adlamağı düşünürdük. Qarşılaşmanın əvvəlində oyunumuz istənilən kimi alınmadı. Çoxlu qol epizodlarımız oldu. Hamısını sağa-sola xərclədik. Dəqiqlik çatmadı. Əsas növbəti mərhələyə keçmək idi ki, bunu da bacardıq.
- Klublar arasında səviyyə fərqi çox idi?
- Əlbəttə, hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Baş məşqçimiz bu barədə məlumat vermişdi. Səviyyə fərqi böyük idi. Amma çalışırdıq ki, oyun zamanı "boşalma"dan oyunumuzu göstərək.
- "Neftçi” səni cəzalandırıb əvəzedici komandaya yollamışdı. Sonra cəzasnı bitirib geri qayıtdın. Bu zaman kəsiyində nələr dəyişdi?
- Mən "Neftçi”yə məxsus futbolçuyam. Baş məşqçinin sərəncamındayam. Onun qərarı ilə əvəzedici heyətə göndərildim. Səbəbləri də hamıya məlumdur. Çəkim artıq idi, fiziki cəhətdən də zəifləmişdim. Əvəzedici heyətdə oynadım. Daha sonra həm çəkimi azaltdım, həm də fiziki cəhətdən yaxşılaşdım. Məşqçilər məni əvəzedici heyətə yollayanda bu qərara hörmətlə yanaşdım. Komandama lazım olan kimi geri çağrıldım və oynamağa başladım.
- Adətən komandadan göndərilənlər intizamsızlğa görə bu cəzaya məruz qalırlar...
- O vaxt deyirdilər ki, oyunlara məsuliyyətsiz yanaşıram. Bunlar hamısı yalan söhbətdir. Amma yenə də hər kəsin fikrinə hörmətlə yanaşıram. Özüm özlüyümdə nə qədər məsuliyyətli olduğumu bilirəm. Hər matçdan öncə qarşılaşmaya köklənirəm. Hər dəfə məğlub olanda keçirdiyim hissləri sizə ifadə edə bilmərəm. Bunun üçün gərək mənim yerimdə olasınız. Futbol çox tez dəyişir. Yaxşı oynayanda hamı səni sevməyə başlayır. Elə ki uduzursan, hamı səni "baltalamağ"a başlayır. İdmançı kimi bunlara öyrəşmişik. Əvvəllər komandada ən sevilən futbolçulardan idim. İndi isə heç kim azarkeşlərimiz tərəfindən sevilmir.