1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir qarlı axşamda və ya atalar üçdən deyib
Mehman SÜLEYMANOV
Ardıcıl 3-cü ildir dekabrın ilk ongünlüyünü futbolsevərlərimiz böyük maraqla, həyəcanla gözləyirlər. Bu da "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində pley-offa çıxmaq şansını həmin vaxtda keçirilən son turadək saxlaması ilə əlaqədardır.
Ancaq bundan öncəki 2 sınaq bizim üçün uğursuz oldu. "Qarabağ”ın İtaliya "İnter”i ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən matçında çexiyalı baş hakim Miroslav Zelinka Riçard Almeydanın təmiz qolunu saymamaqla qələbəni əlimizdən aldı. Ötən il isə Ağdam klubu "Anderlext”lə Brüsseldəki matçda Dani Kintananın sayəsində hesabı açsa da, sonradan 2 qol buraxaraq özü qələbəni verdi.
Bu dəfə isə rəqib "Fiorentina”dır və yenə "Tofiq Bəhramov”da italyanlarla çətin sınaq qarşısındayıq. Əlbəttə, "İnter” daha güclü idi və Bakıya pley-offa vəsiqəni qazanaraq iddiasız gəlmişdi. Florensiya təmsilçisi isə 1/16 finala çıxmasını hələ rəsmiləşdirməyib və bu üzdən ölkəmizə iddialı, güclü heyətlə gəlib. Ancaq Paulo Souzanın komandasının turnir cədvəlində vəziyyəti elədir ki, gərginlikdə, nəticəyə görə təzyiq altında olmağa əsas yoxdur. Çünki "Fiorentina” məğlub olacağı halda da demək olar pley-off iştirakçıları arasında yer alacaq. Florensiyalılar gərək Respublika stadionunda 6 top fərqi ilə uduzsun ki, qrupda qalsın. Gəlin etiraf edək ki, bu, demək olar mümkünsüzdür.
Təbii ki, işini ehtiyatlı tutmaq lazımdır və "Fiorentina”ya vəsiqəni rəsmiləşdirmək üçün 1 xal bəsdir. Elə bu da bizə yetərli ola və necə deyərlər, əl-ələ verib 1/16 finala birgə çıxa bilərik. Ancaq bunun üçün PAOK-un "Slovan”a qalib gəlməməyi lazımdır. Necə deyərlər, bu gün gözümüz "Tofiq Bəhramov”da, qulağımız Saloniki şəhərində "Tumba” stadionunda olacaq.
Praktika onu göstərir ki, başqasının nəticəsinə ümid etməklə məqsədə çatmaq çox vaxt alınmır. O başqa məsələ ki, "Qarabağ” birbaşa PAOK-dan asılı olsaydı, başqa variantı olmazdı. Ancaq indiki vəziyyətdə PAOK "Qarabağ”dan asılıdır. Əvvəla, yunanlar bizimlə hər oyunda uduzub, üstəlik, qol da vura bilməyib - səfərdə 0:2, evdə 0:1. Ən əsası, biz qalib gəlsək, PAOK-un çexlər üzərində istənilən hesablı qələbəsi belə heç bir effekt verməyəcək. Çünki bu halda "Slovan”la matçların nəticələri sayılmayacaq və ilk 3 komanda arasında şəxsi oyunlar əsas götürüləcək.
Deməli, hər şey özümüzdən asılıdır və yunanlarən köməyinə ehtiyacımız yoxdur. Sadəcə, qalib gəl və tarix yaz. Özü də necə tarix. Bu üçlükdə şəxsi oyunlarda çox xal toplayan (9 xal) "Qarabağ" olduğundan 1/16 finala avtomatik qrup lideri kimi çıxacağıq. Bu isə daha böyük nailiyyət olacaq və təbii ki, püşkdə güclü rəqibdən qaçmaq mənasında da işimizə yarayacaq.
Necə deyərlər, atalar üçdən deyib və hamımız "Qarabağ”ın Azərbaycan futbol tarixində ilk dəfə qrupdan çıxmağımızı reallaşdıracağına köklənmişik. Elə komandanın döyünən ürəyi, dirəyi nə ən nəhayət, kapitanı Rəşad Sadıqov buna da motivasiya olunub. Görün Rəşad belə bir həlledici, çətin, məsul matçda komandasına kömək etməyi necə çox istəyir ki, zədədən sonra bərpa prosesini yarımçıq qoyub və məşqlərə başlayıb. Halbuki, həkimlər onun yalnız qış fasiləsindən sonra yaşıl meydana dönə biləcəyinə proqnoz vermişdi. Sadıqovun son vaxtlar tez-tez zədə üzündən əziyyət çəkməsi tam sağalmadığı halda meydana çıxması ilə bağlıdır. Göründüyü kimi, təcrübəli müdafiəçi bu dəfə özünü daha çox risk altına atır, bundan sonrakı karyerasını təhlükə altına qoyur. Ancaq Rəşad bir peşəkar futbolçu kimi komandasına kömək etməyi hər şeydən üstün tutur və belə bir önəmli matçı kənardan izləmək ona işgəncə kimi bir şeydir. Belə bir tarixi matçda iştirak edib nəticə qazandıqdan sonra bir müddət oynamamaq da olar. Mübarizlik, əzmkarlıq keyfiyyətləri yüksək, əsl döyüşçü olan, Türkiyədə oynadığı vaxtda oradakı həmkarlarımız tərəfindən "Terminator” ləqəbi verilən 34 yaşlı Sadıqovun bu gün meydana çıxa bilməkdə özündə güc tapacağına şübhəm yoxdur.
Onsuz rəqibin güclü olduğu bir vaxtda hava şəraiti də bizə əlavə çətinlik yaradacaq. Hər halda, qarda, sürüşkən meydançada oynamaq heç də asan olmayacaq. Üstəlik, bizə müdafiə olunaraq heç-heçəyə yox, qol vuraraq qələbəyə oynamaq lazımdır. Ancaq digər tərəfdən, qarın yağmağında bir rəmzi məna var. Axı qar xeyir-bərəkət rəmzidir və onun da xeyrini meydanda görərik. Ən əsası, illər keçəndən sonra bu tarixi matça yada salanda ilk növbədə onu xatırlayarıq - bir qarlı axşamda...