Azərbaycan Kubokunda cari mövsümdə bombardirlər yarışında üçhakimiyyətlilik yaranıb. Sportnet.az-ın məlumatına görə, turnriin 1/4 final mərhələsinin ilk oyunlarından sonra 3 futbolçu ən sərrast oyunçular siyahsına başçılıq edir.
Bunlar hücumçular - Rauf Əliyevlə ("İnter") cənubi afrikalı Dino Ndlovu ("Qarabağ") və braziliyalı yarımmüdafiəçi Jonas Pesallidir. ("Neftçi"). Sonuncu hər 3 qolunu bu mərhələdə vurubsa, Əliyevlə Ndlovu ilk 1/4 final matçlarında 3-cü qollarına imza atıblar. Onlar 1/8 finalda dubl ediblər.
Hesablarında 2 qol olan futbolçu isə xeyli saydadır. Bunar arasında hətta mübarizəni dayandıran "Turan"ın hücumçusu Rəhman Musayev də var. AZAL-dan Mirzağa Hüseynpurla gürcü David Canelidze, "Qarabağ"dan Coğqun Diniyevlə Mahir Mədətov, "İnter"dən Ruslan Abışov kubokda hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
Azərbaycan Kubokunda qol hesabını açan Filip Ozobiç "Qəbələ"də daxili yarışlarda 7-ci dəfə fərqlənib. Bununla xorvatiyalı yarımmüdafiəçi fransalı komanda yoldaşı Baqali Daboya çatıb. Bu hücumçu Azərbaycan Kubokunda hələ ki debüt etməyib. Abışovun kuboku da nəzərə alsaq, bu mövsüm hesabında 7 qol var. Əliyev isə bu turnirdə olduğu kimi, çempionatda da 3 dəfə fərqlənib.
Göründüyü kimi, həm Azərbaycan Kubokunda, həm də cari mövsümdə ən sərrast oyunçuların yarışmasında üçhakimiyyətlilik yaranıb. Ancaq onlarda iştirak edən futbolçular fərqlidirlər.
Mehman SÜLEYMANOV