"Fasiləyə 4-cü pillədə yollanmağımız çox yaxşı oldu. Əhval ruhiyyədə yollandıq. Hava şəraiti imkan verməsə də, komandam əzmkarlıq nümayiş etdirib qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda "Zirə"ni 1:0 hesabı ilə yendikləri ev oyunundan sonra deyib.
Gənc mütəxəssis rəqib həmkarı Adil Şükürovun hakimlik haqda fikirlərinə belə münasibət bildirib: "Heç kim bizim qələbəmizə kölgə sala bilməz. Salan olsa, onun özü kölgədə ölər. Bu, nə "Zirə"yə, nə də Adil Şükürova ünvanlanıb. Bu gün biz nə qədər seviniriksə, rəqiblər də bir o qədər üzgündürlər. Həmkarımın hakimlə bağlı iradına gəlincə, həmin epizodu görməmişəm. Siz görmüsüzsə, verin baxım".
Abasov fasilə zamanı Türkiyənin Antalya bölgəsində yüksək səviyyəli toplanış keçəcəklərini söyləyib. O, heyətdə dəyişikliklərin baş verəcəyini də açıqlayıb: "Toplanışımız üçün rəhbərlik tərəfindən bizə yüksək səviyyəli şərait yaradılıb. Yeni yüksək səviyyəli futbolçu gətirəcəyimizə inanmıram. Çünki büdcəmiz buna imkan vermir. Əvəzində kim mənim tapşırıqlarımı yerinə yetirə bilmirsə, yaxşı səviyyədə oynaya bilmirsə, onlar göndəriləcək. 13-14 futbolçu ilə qalsam belə, göndəriləcəklər".