"Bir xal qazandıq. Komandanın oyunundan razı qaldım. Nəzərə alsaq ki, heyətimizdə itkilər var idi, heç-heçə də yaxşı nəticədi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə bir qədər bəxtimiz də gətirdi. Uşaqlar sağ olsunlar, yaxşı oynadılar".
Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Qarabağ"la səfərdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib. Gürcüstanlı mütəxəssis qarşı hava şəraitinin hər iki komandaya problem yaratdığını bldirib.
O, jurnalistlərin digər suallarını da cavablandırıb:
- Oyuna bir neçə itki ilə çıxmışdınız...
- Ruslan Abışov və Səlahət Ağayevin yoxluğu bizə çətinlik yaradırdı. Amma komandamın çıxışını yüksək qiymətləndirirəm.
- Orxan Sadıqlının oyunundan razı qaldız?
- Əlbəttə, razı qaldım. Bütün oyunu sakit tərzdə keçirdi. Bir neçə epizodda komandanı qoldan xilas etdi. Ümumilikdə razı qaldım.
- Komandanın çempionatın ilk yarısındakı nəticəsindən razı qaldız?
- İlk yarını normal qiymətləndirmək olar. Bu ili "İnter” üçün məhsuldar il kimi dəyərləndirərdim. Görək ölkə kubokundakı "Kəpəz"lə 1/4 final mərhələsinin cavab oyunu necə alınacaq.
- Bu heyət çempionatı yüksək pillələrdə başa vurmağa kifayət edəcək? Nəzərə alaq ki, kluba transfer qadağası şamil olunur.
- Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar. Transfer qadağası var, yeni oyunçu cəlb edə bilməyəcəyik. Bu qadağa oyunçulara dah çox oynamağa imkan verir. Fikrimcə, bu heyət 3-cü yer uğrunda mübarizə üçün kifayət edər.
- Qış təlim-məşq toplanışını harda keçirəcəyinizi müəyyənləşdirmisiz?
- Bu barədə hələ heç nə dəqiq deyil.
- Siz yeni transfer edə bilməsəniz də, rəqibləriniz yeni oyunçularla güclənə bilərlər...
- Bunu bilirəm. Ancaq başqa çarəmiz yoxdur.
- Yeni transferlərin olmaması futbolçularda özündənrazılıq yaratmayacaq ki?
- Onlar bunu əvvəlcədən bilirdilər. Futbolçularımın peşəkarlığına inanıram. İnanıram ki, bu onlara təsir etməyəcək.