"Kəpəz"lə oyunda birdən-birə 4 futbolçumuz zədələndi. Onlar arasında ən ciddi problem Elvin Camalovdadır". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk bildirib.
"Qırmızı-qaralar"ın Azərbaycan Premyer Liqasının son turunda "Kəpəz"lə ev oyununda ukraynalı müdafiəçisi Vitali Vernidub, yarımmüdafiəçi Elvin Camalovla xorvatiyalı Filip Ozobiç zədənərək əvəzlənməli olub. Digər gənc yarımmüdafiəçi Roman Hüseynov isə əvəzləmə limiti bitdiyindən matçı xərəkdə tərk etdiyi halda, yerinə heç kim daxil ola bilməyib.
Jolobaylyuk zədəlilərin son durumu ilə bağlı məlumat verib: "Hüseynov, Ozobiç və Vernidubu müayinə etmişik. Hər üçü müxtəlif yerlərdən xəsarət alıb. Ancaq bunlar ağır, sağalmasına uzun müddət lazım olan zədələr deyil. Sadəcə, son oyunumuza - AZAL-la kubok matçına 3 gün qalıb. Onların qısa müddətdə sağalıb hazır olmalarına çalışacağıq. Meydana çıxma ehtimalları var. Sadəcə, son qərarı baş məşqçi verəcək".
Ukraynalı həkimin sözlərinə görə, Camalovda əzəli dartması olduğundan, problemi ciddidir: "Bu cür zədənin sağalmasına isə 2-3 həftə vaxt lazımdır. Bu, ilkin ehtimalımızdır. Çünki futbolçunu hələ ki müayinə etməmişik. Bunu dərhal yox, bir qədər sonra etmək məsləhətdir. İstənilən halda, Camalovun kubokda oynamayacağı dəqiqdir".
Mehman SÜLEYMANOV