AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Klublar Komitəsinin iclasından sonra müsahibə verib. Sportnet.az-ın məlumatına görə, o, öncə son 1 ildə sədri olduğu qurumun iclası barədə fikirlərini bildirib.
- İlin sonuncu iclası idi. Əsas məsələmiz Klublar Komitəsinə sədr seçkisi di. Düzdür, bundan əvvəl bir neçə məsələ də var idi. Premyer Liqada çıxış edən 8 klubun hər biri hakimliklə bağlı müzakirə apardı. Hakimlikdən narazılıqlar səsləndi. Daha sonra səsvermə oldu. AZAL, "Kəpəz”, "Zirə” və "Qəbələ” klublarının nümayəndələri sədrliyə namizədlikdən imtina etdilər.
- Siz niyə namizədliyinizi irəli sürmədiniz?
- Belə istədim. 1 il işlədim və gələn il yeni sədr olmasını istədim. Bəlkə onun yeni fikirləri, mövqeyi oldu. Biz də kənardan baxacağıq. Bir ailə kimiyik. Tövsiyə xarakterli komitəyik. Mən sədr olanda 2 məsələmiz həyata keçdi. Bunlar rüsum və cərimələrdə endirim oldu.
- Hakimlərlə bağlı narazılıqlara keçməyinizi istərdik...
- "Qarabağ” – "Qəbələ” oyunundan başladıq. Bütün klubların rəhbərləri hakimlik problemini qabartdılar. Sizə bir epizodu misal çəkim. Ölkə kubokun 1/4 final mərhələsinin "Qəbələ” ilə keçirdiyimiz cavab oyununda baş hakim Fariz Yusifov gözləri qarşısınfa olan epizodda qayda pozuntusunu görmədi. Dünyada olmayan bir şeydir ki, 14 gündə AZAL-ın 3 oyununu eyni hakim idarə etsin. Bununla bağlı araşdırma aparmaq lazımdır. Bu, yalnız o halda ola bilər ki, bir ölkədə cəmi 1 hakim var. Əliyar Ağayev və ya başqa hakim 4 yerə bölünə bilməz. Bunlar hamısı qərəzdən irəli gəlir. "Qarabağ”dan başqa 7 klubun hamısı 10-15 dəqiqə hakimlikdən danışdı. Bu, biabırçılıqdı. "Qarabağ” da narazıdır, amma digər klublar qədər yox.
- "Qarabağ” digər klublarla müqayisədə hakimliklə bağlı narazı qaldığı konkret epizod göstərə bilməz. Bu fikirlə razısınız?
- "Qarabağ”ın üstündə dayanmaq istəmirəm. O da komandalarımızdan biridir. Bəlkə də "Qarabağ” da narazıdır. Amma digər klublar hakimlik məsələdə daha fəal idilər. Əvvəlki iclaslarımızın heç birində hakimlikdən bu qədər narazılıq səslənməmişdi. Fariz Yusifovun idarəçiliyinə toxundum. "Qəbələ”nin qələbəsinə kölgə salmaq istəmirəm. Bu komanda həqiqətən güclüdür. Amma baş məşqçimiz Tərlan Əhmədov da idarəçilikdən narazı qalmışdı. "Zirə”nin baş məşqçisi də bu yaxında hakimlikdən şikayət etmişdi. "Neftçi” ilə ilk oyunumuzda təmiz qolumuzu saymadılar, 3 xalımızı aldılar. Ramil Diniyev əlavə köməkçi hakim idi. Onun başqa işi yox idi ki? Hakim bu epizodu görmürsə, daha nədən danışaq?
- Hakimliyimizin ümumi səviyyəsinin aşağı olduğunu deyə bilərikmi?
- Niyə ki? Elə matçlar da idarə edirlər ki, hamı razı qalır. Adətən çəğlub olan tərəf narazılığını bildirir. Maraqlıdır ki, bugünkü iclasda qalib gələn klubların nümayəndələri də hakimlikdən şikayətləndilər. Hakimlər sponsorları futboldan uzaqlaşdırırlar. Onlar inciyirlər, klublara maliyyə buraxmaq istəmirlər. Hamısı hakim biabırçılıqları ilə bağlıdır. Hamımız Azərbaycan komandasıyıq. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov iclasda təklif etdi ki, Hakimlər Komitəsinə əcnəbi sədr gətirilsin.