"Qəbələ" xorvatiyalı futbolçusu Petar Franyiçlə yollarını ayırmağı planlaşdırır. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" əsas heyətinə düşə bilməyən 25 yaşlı yarımmüdafiəçinin gedişini istəsə də, onun 2018-ci ilin yayınadək müqaviləsinin olması əngəl törədir.
Buna görə Franyiçlə danışıqlarda məsələni yoluna qoymaq lazımdır. Bu, müqavilənin qarşılıqlı razılıqla pozulması və ya başqa kluba icarəyə verilməsi ola bilər.
"Qırmızı-qaralar"ın ukraynalı baş məşqçisi Roman Qriqorçuk sərəncamında olan digər futbolçuların xidmətində maraqlıdır. Bunlar arasında müqaviləsi bitən serbiyalı müdafiəçi Vojislav Stankoviçlə yaraımmüdafiəçi Rəşad Eyyubov da var. Hər iki futbolçu ilə danışıqlar aparılaraq yeni müqavilənin imzalanması nəzərdə tutulub. Stankoviç bunadək "İnter"in futbolçusu kimi "Qəbələ"də icarə əsasında oynayırdı. Bu müddət artıq bitdiyindən onun "bankirlər"ə də bağlılığı qalmayıb və hazırda sərbəst futbolçudur. Sadəcə, anlaşmaya əsasən legioner ilk olaraq "Qəbələ" ilə danışmalıdır.
"Qəbələ"nin qışda heyətinə cəlb etdiyi braziliyalı müdafiəçilər Rikardinyo və Rafael Santosun müqavilələri əvvəllər ilin sonunda bitsə də, anlaşmaları artırıldığından müddət artıq mövsümün sonunadəkdir.