"Qarabağ"dan Türkiyənin "Adanaspor" klubuna keçən braziliyalı futbolçu Reynaldo Silvanın agenti Odario Mendeş Duraeşin Sportnet.az-a eksklüziv müsahibəsi
- Reynaldonun Türkiyə Super Liqasında çıxış edən "Adanaspor"a keçidi ilə bağlı nə deyə bilərsiniz?
- Reynaldo "Qarabağ"da 4 il çıxış etdi. Bu müddəti onun üçün idman, maliyyə, karyera baxımından uğurlu saymaq olar. Silva bu 4 ildə Azərbaycanda keçirdiyi günlərdən razı qaldı. Vədə yetişdi ki, ölkəni dəyişsin. Belə olan halda, aldığımız bir sıra təkliflər arasında sonda "Adanaspor"a üstünlük verdik.
- Niyə məhz bu klub?
- Bunun səbəbləri var. Əvvəla, bu "Adanaspor"da xeyli braziliyalı futbolçu oynayır. Bu da Reynaldoya yeni klubunda adaptasiya baxımından rahat olacaq. Ən əsası, "Adanaspor" Silvanı çox istəyib. Xüsusilə baş məşqçisi onu əldə etmək üçün böyük əmək sərf etdi. Bütün bunlar futbolçunun həmişə xoşuna gəlir.
- Necə düşünürsünüz, Reynaldonun 4 il öncə "Qarabağ"a keçidi ilə bağlı düzgün qərar vermişdiniz?
- Reynaldo "Adanaspor"a transferinə görə xoşbəxtdir. Ancaq eyni zamanda onu nəzərə alaq ki, karyerasında böyük önəm kəsb edən yerdən ayrıldı. Silva özü "Qarabağ"a təşəkkür edir. Onun adından mən də "Qarabağ"ın bütün rəhbərliyinə, məşqçi heyətinə, futbolçularına minnətdarlıq etmək istəyirəm. Reynaldo Azərbaycanda çox sevilən futbolçu olub və bütün azarkeşlərə, onu dəstəkləyən hər kəsə də minnətdarlığımı bildirirəm. Əsas təşəkkürlər baş məşqçi Qurban Qurbanova düşür. Çünki Reynaldo "Qarabağ"a gəlməmişdən öncə ciddi zədə səbəbindən 6 ay oyun praktikasından əziyyət çəkirdi. Ancaq buna baxmayaraq, Qurbanov onu komandaya götürməyə qərar verdi. Silvanın həmin vaxt tənəzzülə gedə biləcək karyerası birdən-birə əks istiqamət aldı. Bütün bunları göz önünə gətirəndə, tamamilə düzgün seçim etdiyimizi deməmək haqsızlıq olardı. Hər şeyi bir kənara qoyaraq Reynaldonun yalnız idman baxımından qazandıqlarını - 3 çempionluğu, 3 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etməsini birmənalı olaraq düzgün və uğurlu addım saymaq lazımdır.
- Bu 4 il ərzində Reynaldonun adı mətbuatda dəfələrlə başqa klubların ətrafında hallanırdı. Bilirik ki, onun Avropanın digər komandalarına keçmək imkanı olub. Bu haqda konkret nə deyə bilərsiniz?
- Bəli, Silva ilə bağlı müxtəlif təkliflər almışıq. Məsələn, ən maraqlıları vaxtilə qarşı oynadıqları, qol vurduqları Almaniya "Ayntraxt"ı ilə Avstriya "Zalsburq"u idi. Bundan əlavə, İspaniyanın "Selta" klubu da dəvət göndərib. Ötən qış isə Çindən, bir neçə ərəb ölkəsindən təkliflərimiz olub.
- Bəs transfer niyə gerçəkləşməyib?
- Ona görə ki, bəzən klublarla razılığımız olmayıb, bəzən də hansısa təklif Reynaldonu qane etməyib. Ancaq onu da deyim ki, bunların hamısının geri çevrilməsini qarşılıqlı razılıqla qərara almışıq. İlk təkliflər gələndə "Qarabağ"la görüşlərin nəticəsində Reynaldo üçün yeni müqavilə imzalamışıq. O, "Qarabağ"da qalmaq üçün bütün klubların təkliflərini geri çevirdi. Daha sonra zədələr üzündən karyerasında müəyyən düşüşlər oldu. Bunun nəticəsində təkliflər də azaldı. Son dövlər isə daha çox Asiyadan təkliflər oldu. Bu zaman bəzi şərtlərdə razılıq olmadı. İş elə gətirdi ki, "Qarabağ"dan yalnız indi ayrıldı.
- Yəqin, məlumatınız var ki, serbiyalı agent Boyan İliç saytımıza müsahibəsində Reynaldonu "Qarabağ"a gətirən menecer kimi özünü təqdim edib. Sizin haqda da bəzi fikirlər səsləndirib. Buna münasibətiniz maraqlıdır. Silvanın Azərbaycana gəlişinin 1 ili tamamlanmamış İliçlə əməkdaşlığı dayandırmağınız nə ilə bağlı idi?
- Düzü, İliçin dedikləri bizim üçün çox təəccüblü gəldi. Söylənilənlər gözlənilməz və üzücü oldu. İliçin bu haqda indi danışmağını tam yersiz hesab edirik. Bunun nədən qaynaqlandığını anlamırıq. İlk növbədə, onu etiraf edirik ki, İliç Reynaldonun "Qarabağ"a keçidində rol oynayıb. Həmin vaxt həm futbolçu ilə, həm də bizimlə hər cür bağlılığı olsa da, sonradan bitirdi. Onda keçiddə baş verən bəzi məsələlərə görə İliçlə əməkdaşlıqdan imtina etdik. Bundan sonra aramızda heç bir əməkdaşlıq olmayıb.
- O isə tam başqa şeyi iddia edir. Dediyinə görə, Reynaldo "Qarabağ"da oynamağa başladıqdan bir il sonra braziliyalı agenti özünü çox pis apardığına görə əməkdaşlıqdan imtina edib...
- Bunlar doğru deyil. Həmin vaxt mən qərar verdim ki, İliçlə aramızda heç bir əməkdaşlıq olmayacaq. Buna baxmayaraq, belə məsələlərin mətbuata çıxarılması, danışılması bir az qeyri-etikdir. Ən əsası, heç bir məntiqə sığımır.
- İliçlə əməkdaşlıq dayandırandan sonra azərbaycanlı FİFA agenti Tural Əsgərovla işbirliyinə başladınız. O, Silvanın Azərbaycandakı təmsilçisi olan Əsgərovun ünvanına da ittihamlar səsləndirib. Bunlar nə dərəcədə həqiqətəuyğundur? Ümumiyyətlə, Turalı seçməyinizin səbəbi nə idi?
- Bəli, biz İliçdən sonra Əsgərovla anlaşdıq və hesab etdik ki, Reynaldonun karyerasının daha uğurlu olması, böyük uğur qazanması üçün onun yanında yerli kadrın, futboldan başı çıxan işgüzar adamın olması bizim də xeyrimizədir. Bu baxımdan, Reynaldonun "Qarabağ"a keçidindən 1 il sonra Turalla əməkdaşlıq etməyə başladıq. Bu gün də etiraf etməliyik ki, seçimimiz tam doğru olub. Reynalonun "Qarabağ"da göstərdiyi oyunda, imza atdığı nailiyyətlərdə, "Adanaspor"a keçidində Əsgərovun da danılmaz xidmətləri olub. Biz də bundan sonra əməkdaşlığı davam etdirmək fikrindəyik. İliç haqda danışmaqdansa, daha pozitiv olmağa çalışırıq. Reynaldonun karyerasında rolu olan hər bir insana bir daha təşəkkür etmək istəyirik.
- İliç sizləri futboldan daha çox öz mənfəətinizi düşünməkdə ittiham edir. Onun fikrincə, belə agentlər Azərbaycanı və onun futbolunu aşağılayırlar...
- Belə fikirlər səsləndirməkdən öncə gərək konkret işin içində olasan, sonra danışasan. Məsələn, Reynaldo ilə münasibətlərimi İliçdən soruşmaqdansa, futbolçunun özündən soruşmaq yerinə düşür. 30 illik iş təcrübəm var və bu gün də işdə olmağım Braziliyada müəyyən nüfuz qazanmağımla bağlıdır.
Mehman SÜLEYMANOV