"Maşallah Əhmədovla bağlı cəza xəbərini eşidəndə çox məyus olduq. O, bizim komitənin üzvü idi. Həmin gün elə komitədə fikir mübadiləsi apardıq. İlk növbədə, bir insan kimi ürəyimiz ağrıdı".
Bunu Sportnet.az-a açıqlamasında AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov komitənin üzvü, Azərbaycan Premyer Liqası və ölkə kuboku matçlarına AFFA nümayəndəsi kimi təyinat alan və məhkəmə qərarı ilə 8 il azadlıqdan məhrum edilən Maşallah Əhmədov barədə danışarkən deyib.
Hüseynov Azərbaycanın ən yaxşı futbolçularından, hücumçularından biri olmuş Əhmədovun gələcəkdə əfv olunacağına ümid edir: "Biz istəməzdik ki, futbol oynayan vaxt minlərlə azarkeşi sevindirən bir adam belə bir vəziyyətə, həbsə düşsün. Ancaq hesab edirəm ki, gələcəkdə futbol ictimaiyyətinin müraciəti, xahişi nəzərə alınaraq Maşallah azadlığa çıxa bilər. Əlbəttə, bu günün söhbəti deyil. Məsələn, məndən Maşallah haqda soruşsalar, hər halda, öz ürək sözlərimi söyləyərəm. Deyərəm ki, yaxşı olardı tezliklə azadlığa buraxılsın. Yaxud da siz də ürək sözlərinizi deyə bilərsiniz. Heç kim Əhmədovun həbsdə olmasını istəməz. İndiyədək yaxşı oynayan, futbol ictimaiyyətinin yaxşı tanıdığı bir adam belə bir hadisə ilə üzləşsin, bu, üzücüdür. Allah yolunu açıq eləsin. Bəlkə də onu tezliklə öz sıralarımızda görə bilərik".
Təbii ki, cinayət edən, bu əməli subut olan hər bir şəxs öz cəzasını alır. Amma Hüseynov Əhmədovun nə dərəcədə günahkar olduğunu deməyi erkən hesab edib: "Bu işin içində siz də yoxsunuz, mən də. Buna görə danışmaq çətindir. Bilmirik ki, günahın nə qədər hissəsi kimdədir. Apellyasiyalar var. Çox güman ki, bu yaxında verəcəklər, məsələyə bir daha baxacaqlar".
Xatırladaq ki, dələduzluqda təqsirləndirilən 58 yaşlı Maşallah Əhmədova hökm Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə bu həftə keçirilən iclasda oxunub.