"Deyə bilərəm ki, çempionatdakı uğursuzluğumuzu unutdurduq. Bu kuboku "Neftçi” sevərlərə hədiyyə edirik. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsini gördük”. Bunu Sportnet.az-a açıqlamasında "Neftçi” klubunun futbolçusu Elvin Yunuszadə deyib.
Gənc müdafiəçi cari mövsüm daha çox aqressiv hərəkətləri ilə gündəmə gəlməsinə də münasibət bildirib: "Açığını desəm, çempionatımızda heç kimlə problemim yoxdur. Meydançada hər şey tamam başqadır. Yenə də qardaşıq. Sözsüz ki, meydanda da qardaşıq, amma oyundur. İstər istəməz elə xoşagəlməz hadisələr olur. Amma bu heç vaxt meydançadan qırağa yansımır. Nə olursa, meydançada qalır. Belə deyək ki, hər futbolçunun fərqli xarakteri olur. Məni də belə qəbul etmək lazımdır. Bundan sonar çalışaram ki, belə şeylərə yol verməyim”.
Qeyd edək ki, son turdakı "Simurq” matçında aqressiv hərəkətlərinə görə qırmızı vərəqə alan Yunuszadə AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. O, cari mövsüm ümumilikdə 3 qırmızı vərəqə alıb. Bunların hər üçündə də Elvin birbaşa vərəqə ilə meydandan qovulub.