İtaliyanın "Cenoa" klubunun futbolçusu Armando İtso 1,5 il müddətinə futboldan kənarlaşdırılıb.
Sportnet.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, səbəb 25 yaşlı müdafiəçinin danışılmış oyunlarda iştirak etməsidir.
Martın əvvəllərində İtaliya Futbol Federasiyasının B Seriyasında çıxış edən "Avellino"un danışılmış oyunlarda mümkün iştirakını araşdırdığına dair xəbərlər yayılıb. Ötən ilin mayında isə bu komandanın 2013-2014 mövsümündə "Modena" (0:1) və "Recina" (3:0) ilə görüşləri şübhəli oyunlar siyahısına düşüb. Həmin vaxt "Avellino"da çıxış etmiş İtso lazımi nəticələrin təşkilində ittiham olunub. Onun hətta 6 il müddətinə diskvalifikasiyası istənilib. Cəza klub prezidenti Valter Takkonaya da şamil edilə bilərdi. Amma o, bəraət alıb.
İtsonun hökmdən şikayət edib-etməyəcəyi hələlik bilinmir. Amma agenti onun heç bir günahının olmadığını bildirib.