1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messi Azərbaycanda doğulsaydı...
Vüqar MƏMMƏDOV
Dünən Messi "Barselona”nın heyətində 500-cü qolunu vurdu. Əzəli rəqib "Real Madrid"lə oyunda. 500 qol içində estetik baxımdan çox gözəlləri də olub, əhəmiyyətinə görə vacibləri də...
Mənsə bu yazımda onun vurduğu həmin 500 qolun ən birincisindən bəhs edəcəyəm. Hansı ki, bu qol sonrakı 499 qolun bünövrəsini qoydu.
Deməli, hadisə 1 may 2005-ci ildə İspaniya çempionatında "Albasete” ilə oyunda baş verir. Onun 18 yaşının tamamına hələ 55 gün var. Təxminən elə 55 saniyəlik videoya baxdıqda Messinin bugünkü uğurlarının səbəbi aydın olur. Diqqət edin: Qoldan sonra bütün futbolçular sevinir. Açıq-aydın görmək olur ki, bu şadyanalıq həmişə vurulan, adi qoldan sonrakı sevincə bənzəmir. Bu sevinc nə isə fərqli bir şeydir. Doğrudan da...
Ona görə ki, 17 yaşlı gələcəyin ulduzu ilk qolunu vurub. "Ağsaqqal” kapitan Puyol birinci gəlib təbrik edənlərdəndir. Leonun tezliklə sıxışdırıb çıxaracağı və nömrəsini də əlindən alacağı Ronaldinyo isə onu kürəyinə alıb daşıyır. Hamı, bütün futbolçular, azarkeşlər ən azı Messinin özü qədər sevinir.
Bax, bu cür dəstək bir insanın gələcək karyerasının əsasını qoya bilər. Bütün bunlara görə Messi təkcə öz istedadına yox, ətrafındakı bu insanlara da borcludur. Bunu o, dəfələrlə qeyd edib.
İndi təsəvvür edin Messi bizdə doğulub və gənc futbolçu kimi meydana çıxacaq. Kimdi ona o cür ötürmə verən? Hələ qol vura bilsə, kürəyində daşımağı demirəm, normal təbrik edən olarmı? Bir-iki səhvdən sonra (gənc futbolçuda bu, normaldır) üctünə elə çımxıracaqlar ki, dəymişi qalıb kalı töküləcək. Bir azdan da itib batacaq.
Amma Messinin bütün uğurlarını ətrafının sayəsində əldə etdiyini demək ən azı düzgün çıxmaz. Bu zirvəyə gəlib çıxanadək hansı çətinliklərdən keçdiyini yəqin ki, özü hamıdan yaxşı bilir. Onu diqqətlə izlədikdə nə qədər inadkar, qətiyyətli olmasını müşahidə etmək çətin deyil.
Messinin bir yerdə oynadığı Ronaldinyodan çox şey öyrənməsini deyənlər olsa da, braziliyalı bu fikri qəbul etmir. Çox sonralar Ronaldinyo Messi haqqında deyəcəkdi: "O, anadangələmə istedada malik idi və bu istedadını kiçik yaşlarından inkişaf etdirmişdi. O, "Barselona”da olanda hazır oyunçu, professional idi. Onun uğurlarını görəndə çox sevinirəm və karyerasına başlayanda yanında olduğumu xatırlamaq mənə xoşdur. Nə gözəl ki, o, peşəkar karyerasında birinci qolunu məhz mənim ötürməmdən sonra vurub”.
Həmin o oyunda Messi birinci qolunadək daha bir qol vurmuş (yenə Ronaldinyonun ötürməsi ilə), amma təmiz ola-ola hakim ofsayd qeydə alıb qolu saymamışdı. Başqası bəlkə də bəxtdən gileylənər, şikayətlənər, ruhdan düşərdi ki, siftəsi korlanıb. Amma Messi taleyin öz əlində olduğunu həyatda nəyinsə, hansısa "siftədən” asılı olmadığını dünən vurduğu 500-cü qolu ilə bir daha sübut etdi.
Hər kəs bəlkə də doğulduğu yeri, ətraf-mühiti, cəmiyyəti, uğurlarını, uğursuzluqlarını, bəxtini, bəxtsizliyini haqq edir.
Messini izlədikdə onun bugünkü zirvəni haqq etdiyinə əmin olursan!