Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz yenidən Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə baş məşqçi Adnan Örnekin müraciəti əsasında klub rəhbərliyi qərar verib. 29 yaşlı hücumçu "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib. Görüş isə "Çaykur Rizəspor"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Qeyd edək ki, Deniz Yılmaz ilk dəfə fevralın 18-də oyun zamanı rəqib futbolçunu bilərəkdən vuraraq, qırmızı vərəqə aldığı və komandasını çətin vəziyyətdə qoyduğu üçün əsas komandadan kənarlaşdırılıb. Lakin o, 5 gün sonra bağışlanılaraq, heyətə qaytarılıb. Yılmazın "Bursaspor"la hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatacaq. Hücumçu bu mövsüm 21 oyunun 11-də meydana əsas heyətdə çıxıb, Türkiyə Kuboku da daxil olmaqla, 5 qol vurub, 3 sarı, 1 qırmızı vərəqə alıb.