Sportnet.az saytı "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. İkinci yazıda AFFA tərəfindən təşkil edilən aşağı yaş qrupları üzrə ölkə çempionlarındakı nöqsanları və klubların yarışlara yanaşma tərzindəki xoşagəlməz halları gözdən keçirəcəyik.
Müasir futbolda uşaq futbolu bütün yerli federasiyalar üçün prioritet məsələdir. Bu baxımdan AFFA-nın da gördüyü işlər təqdirəlayiqdir. Məsələn, başa çatmaq üzrə olan mövsümdə assosiasiyanın təşkil etdiyi 9 liqada ümumilkdə 588 komanda iştirak edib ki, bu da futbolun ölkəmizdə kütləviliyinin təmin edilməsi yolunda məqbul göstəricidir. Lakin təbii ki, iş olan yerdə nöqsan da olmalıdır. Əsas məsələ çatışmazlıqları təsbit edib, aradan qaldırmaqdır.
Təxirəsalmalar 3 halda ola bilər
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə söhbət zamanı bir çox mətləblərə aydınlıq gətirməyə çalışdıq.
Bəzi klubların mövsümün gedişində xarici ölkələrə beynəlxalq yarışlara və ya turnirlərə yollanması rəqiblər tərəfindən birmənalı qarşılanmır. Onlar bu səbəbdən oyunlarının təxirə salınmasından, növbəti həftələrdə isə 2 oyun keçirmək məcburiyyətində qalmalarından narazıdırlar. Həmsöhbətimiz bildirdi ki, bu məsələdə güzəştə getməyə məcburdurular: "Təxirəsalma üç halda ola bilər: Birincisi, fors-major haldır. Məsələn, hava şəraiti oyunun keçirilməsinə mane ola bilər. İkincisi, bir komandanın 5-dən çox futbolçusu milli komandalara cəlb olunduğu üçün bizə oyunun təxirə salınmasından ötrü müraciət edəcəyi halda, bunu məqbul sayırıq. Üçüncüsü isə xarici ölkələrdə təlim-məşq toplanışları və ya beynəlxalq turnirlərdə iştirakdır. Fikrimicə, bu, uşaqların inkişafına xidmət edən addımdır. Ona görə də öz hesablarına xarici ölkələrə yollanan komandalara güzəşt edib, matçlarını təxirə salmağa məcburuq".
Hazırda AFFA tərəfindən təşkil olunan çempionatlar iki hissəyə bölünür: Kütləvi (U-10, U-11, U-12, U-13, U-14) və elit liqalar (U-15, U-16, U-17 və U-19). Burada əsas məsələlərdən biri bəzi yaş qruparında oyunların həftəiçi, dərs saatlarında keçirilməsidir. Lakin Y.Vəliyevin sözlərinə görə, bu, federasiyadan qaynaqlanan bir problem deyil: "U-10-dan U-14 liqasına qədər çempionat oyunlarını zonalar üzrə həftəsonu keçiririk. U-15 liqasından etibarən isə yarışlarda Premyer Liqa və I divizion klubları yer alır. Burada 2 və 3 dövrəli çempionatlar təşkil edirik. Elit liqalarda problem klublardan qaynaqlanır. Yəni, əksər klublar bütün yaş qrupları üzrə ev matçlarını həftəsonu oynayacaq infrastruktura malik deyillər. Bizim üçün də xoş olar ki, bütün liqalarda oyunlar həftəsonu baş tutsun. Ancaq qeyd etdiyim amil üzündən xüsusən də U-16 və U-17 liqalarında görüşlər həftəiçinə təsadüf edir. Bu mövsümdən U-15 Liqasının oyunlarını həftəsonlarına təyin etdik. Növbəti mövsümdən digər iki liqanın oyunlarını da həftəsonu təşkil etməyə çalışacağıq. Təbii ki, bunun üçün klublar da səy göstərməlidirlər".
Kütləvi liqalarda Bakı zonasının oyunlarının "Dalğa Arena"da təşkili birmənalı qarşılanmır. Xüsusən də valideynlər Mərdəkan qəsəbəsində yerləşən arenada uşaq liqalarının oyunlarının keçirildiyi stadionları güclü külək vurmasından şikayətçidirlər: "Bəli, xüsusən də qış aylarında bu problemlə üzləşirdik. Bir neçə il öncə bu problem özünü daha qabarıq göstərirdi. Lakin akademiyanın binasının inşasından sonra küləyin qarşısı böyük ölçüdə alınıb. Unutmayaq ki, "Dalğa Arena"da liqaların təşkili üçün lazımı infrastruktur var. Hava şəraiti çox sərt olduğu zaman istənilən yerdə oyunlar təxirə salınır".
"Valideynlər narazılıqlarını uyğun olmayan formada bildirirlər"
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarının yüksək səviyyədə təşkilinə xələl gətirən başqa bir məqam bəzi komandaların mövsümün gedişində çempionatı tərk etmələridir. Y.Vəliyev bu cür halların baş verməməsi üçün lazımı ölçü götürdüklərini qeyd etdi: "U-15, U-16, U-17 və U-19 liqalarında bu cür problemlərlə nadir hallarda üzləşirik. Çünki bu komandalar peşəkar klubları təmsil edirlər. Lakin kütləvi liqalarda davamlı olaraq çempionatı yarımçıq tərk edən komandalara rast gəlirik. Əsasnaməyə uyğun olaraq, 3 dəfə oyuna çıxmayan komanda çempionatdan uzaqlaşdırılır. Bəzən bir baş məşqçidən asılı olan komandalar olur. Yəni, bu, kütləvi liqadır, 100-dən artıq kollektiv yarışır. Çempionatı yarımçıq tərk edən komanda və baş məşqçi növbəti mövsüm yarışlara buraxılmır. Yəni, baş məşqçi növbəti mövsüm fərqli adla komanda yığıb çempionata qatıla bilməz. Bu məsələlərə ciddi nəzarət edirik. Artıq bu problemi də minimuma endirmişik".
Y.Vəliyev bildirib ki, oyunlar zamanı bəzi valideynlərin məşqçilərin və hakimlərin işinə hədsiz müdaxiləsi ilə rastlaşırlar. Onun sözlərinə görə, bu cür hallar ümumi işə mənfi təsir göstərir: "Hakimlərin işinə Hakimlər Komitəsi nəzarət edir. Hansısa şikayət olanda İntizam Komitəsində baxılır. Hakimliklə bağlı əsas problem valideynlərin müdaxiləsi nəticəsində olur. Onların övladlarının oyunlarına gəlmələri olduqca müsbət haldır. Lakin bəzən valideynlər tərəfindən oyuna hədsiz müdaxilələr olur. Onlar hakim və ya məşqçilərə narazılıqlarını uyğun olmayan bir formada bildirirlər".
AFFA rəsmisi "lipa"lara qarşı mübarizədən də söz açarkən, bu yöndə ciddi işlərin görüldüyünü qeyd etdi: "2008-ci ildən etibarən bu yöndə çox ciddi işlər görülüb. AFFA-nın qeydiyyat bazası yaradıldıqdan sonra "lipa" məsələsi minimuma endirilib. Hazırda da bu işə çox ciddi nəzarət edirik. Hansısa oyunçu ilə bağlı şikayət olunan zaman AFFA-nın Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həmin şagirdin məktəbdəki şəxsi işinə baxmaq mümkündür. Yəni, uşaq 6 yaşında məktəbə hansı sənədləri təqdim edibsə, onu əsas götürürük. "Lipa" aşkarlanan zaman biz həmin uşağı birdəfəlik futboldan uzaqlaşdırmırıq, dəvət edirik ki, öz yaşına uyğun komandada çıxış etsin. Çünki burada məşqçi və valideynin məsuliyyətsizliyi ola bilər. Bunun cəzasını uşağın çəkməsi düzgün deyil".
Nail Kərimov: "U-19 liqasının 3 dövrəli olmasına etiraz etmişdik"
"Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovla müzakirə zamanı isə həm müsbət, həm də mənfi cəhətlərdən danışdıq. Klub rəsmisi hazırda Azərbaycanda aşağı yaş qrupları üzrə yaxşı təşkil olunmuş liqaların olduğunu söylədi: "Məlumat almaq baxımından sistem çox gözəl qurulub. İstənilən məsələ ilə bağlı suallarımıza operativ cavab alırıq. İş vaxtı olub-olmamasına baxmayaraq, köməklərini əsirgəmirlər. Biz akademiyanı 2009-cu ildə qurmuşuq. Həmin vaxt səliqəsiz formada iki liqada - U-15 və U-17-də oyunlar keçirilirdi. Hazırda isə 9 yaş qrupu üzrə liqalar təşkil olunur. Məncə, bu, böyük rəqəmdir. Komandalar lazımı oyun təcrübəsi qazanırlar. Növbəti mərhələ keyfiyyət artımı olmalıdır. Bu isə yalnız AFFA-dan asılı deyil. Onlar kifayət qədər vəsait və vaxt sərf edirlər. Təşkilati baxımdan problemlə qarşılaşmırıq. Həmçinin, yüksək səviyyədə mükafatlandırma mərasimləri də baş tutur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda aşağı yaş qrupları üzrə yaxşı təşkil olunmuş liqalar var".
Yarışların təşkili ilə bağlı çatışmazlıqlara toxunan N.Kərimov təqvimlərin tərtib olunmasında bəzi problemlərin mövcudluğuna diqqət çəkdi: "U-19 liqası ilə bağlı mövsümün əvvəlində iradımızı bildirmişdik. Federasiya yarışın 3 dövrədən ibarət olacağını açıqlamışdı. Buna etiraz edən yeganə klub olduq. Çünki liqanın qalibi UEFA Gənclər Liqasına vəsiqə qazanır. Yarış 3 dövrəli olan zaman ədalət prinsipi pozulur, hansısa komanda digər bir kollektivi 2 dəfə evində qəbul edir və ya hansısa komanda 2 dəfə çətin səfərə yollanır. Bu isə qalibin müəyyənləşdirməsində həlledici rol oynaya bilər. Doğrudur, cari mövsümdə lider "Qarabağ"ın müəyyən üstünlüyü var. Ev-səfər matçları həlledici olmadı. Lakin bu, gələcəkdə də təsirsiz ötüşəcəyi anlamına gəlməməlidir. Düzdür, sonradan federasiya belə qərara gəldi ki, III dövrənin oyunları neytral meydanda - Ağsuda keçirilsin. Bu məsələ bizim tərəfimizdən Klublar Komitəsinin gündəliyinə salındı. Narazılıqlarımız olan zaman AFFA-nın müvafiq departamentlərinə bildiririk. Təqvimlə bağlı əsas problem mövsüm başlayanda çempionatın nə zaman başa çatacağının bilnməməsidir. Bu da planlaşdırma aparmağımıza çətinlik yaradır. Eləcə də, hansı liqanın nə zaman start götürəcəyini də öncədən bildirmirlər. Bəlkə də haqlı səbəbləri var. Məsələn, cari mövsüm sona çatır. Növbəti çempionatların nə vaxt start götürəcəyini 2-3 həftə qalmış xəbər tuturuq. Ona görə də hazırlıq planını qura bilmirik. Ancaq mövsümün gedişində təqvimlə bağlı problem olmur. Federasiya bu sistemi yaxşı qurub. E-mail vasitəsi ilə vaxtında dəyişikliklərdən xəbər tuturuq".
Təkliflər
Direktor müavini bəzi liqalarda oyunların dərs saatlarına təsadüf etməsinə də toxundu: "Oyunların dərs vaxtı keçirilməsi yaxşı hal deyil. İstəyirik ki, uşaqlar davamlı olaraq dərslərdə iştirak etsinlər. Lakin bəzi reallıqlarla barışmalıyıq. Çempionatda iştirak edən bütün klubların maddi-texniki bazası yoxdur. Söhbət oyunların keçirilməsi üçün stadionlardan, nəqliyyat vasitələrindən, kadrlardan və s. gedir. Deyək ki, klubun 2 həkimi və ya inzibatçısı varsa, onlar bütün oyunlara bölünə bilmir. "Qəbələ"nin bütün matçları həftəsonu keçirmək imkanı var. Ancaq rəqibləri də nəzərə almaq lazımdır. Bizdə də xarici ölkələrdə keçirilən turnirlərə səfərlər zamanı və ya futbolçular milli komandalara gedəndə dərslərdə iştirak edə bilmirlər. Bunu minimuma endirmək istəyirik".
N.Kərimov aşağı yaş qrupları üzrə liqaların təşkili üçün bəzi təkliflərini də irəli sürdü: "U-16 və U-17 liqalarında oyunların həftəsonu keçirilməsi daha yaxşı təşkilatçılığa təkan verə bilər. Hazırda U-15, U-16, U-17 və U-19 liqalarında yarışlar 2 - 4 dövrəli formatda təşkil olunur. Əlbəttə, burada müxtəlif ideyalar ola bilər. Məsələn, istərdik ki, uşaq liqalarında da bir neçə divizion yaradılsın. Tələblərə uyğun maddi-texniki bazası olan klublar yüksək liqada mübarizə aparsın, digərləri II divizionda çıxış edə bilərlər. Burada isə U-14 ilə U-15-i, U-16 ilə U-17-ni birləşdirmək olar. Lakin hazırda bu məsələ bizdə real deyil. Bəzən liqalara komandaların yığılması çətin olur. Uşaq liqalarında qənaət çox böyük rol oynayır. U-17 və U-19 liqalarında daha ciddi rəqabət olduğu üçün dövri sistemlə təşkil etmək, U-15 və U-16 liqalarını isə iki qrup şəklində keçirmək mümkündür. Yəni, burada məqsəd uzaq səfərləri məhdudlaşdırmaqdır. Bunlar sadəcə təkliflərdir. Belə etsək, xərclərin və çətinliklərin qarşısı alınar. Hazırda AFFA tərəfindən U-10, U-11, U-12, U-13 və U-14 liqaları təşkil olunur. İstərdik ki, U-8 və U-9 liqaları da olsun. Çünki uşaqlar nə qədər futbol oynasalar, bir o qədər yaxşıdır. İki il əvvələ qədər regionlarda qalib olmuş 16 komanda Bakıda final mərhələsinin oyunlarını keçirmək üçün bir araya gəlirdilər. Lakin artıq sistem dəyişib. İndi 1/8 finaldan komandalar ev-səfər prinsipi ilə oynamalıdırlar. Bu isə uşaqlara mənfi təsir göstərir. Səfərlər onları yorur. Digər tərəfdən, final mərhələsinin ab-havasını hiss edə bilmirlər. Həmçinin, bu, ağır maddi yükə çevrilir. "Qəbələ"nin 5 yaş qrupu üzrə komandaları ən azı yarımfinala qədər irəliləyir. Bu isə ən azı 4 səfər deməkdir. Bu səfərlərin xərci isə həddindən artıq yüksək olur, bizə çətinlik yaradır. Ola bilər ki, bənzər problem ancaq "Qəbələ"yə aid olsun. Deyək ki, "Neftçi", "İnter" və ya başqa bir komanda bütün yaş qruplarında sona qədər irəliləmir və əksər klublar Bakını təmsil edir. Biz həmin vəsaitlə komandalarımızı beynəlxalq turnirlərə də göndərə bilərik".
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.