AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının yekununu dair jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanının 23 yaşadakək futbolçulardan ibarət milli komandası İslamiadada maksimum nəticə göstərdi. Yığmanın çıxışı barədə nə deyə bilərsiniz?
- Komanda ilk oyundan mübariz futbol sərgilədi. Artıq həmin oyundan sonra final barədə düşünürdük. İkinci oyunda da finala qədər gedəcəyimizə şübhə etmirdik. Fərdi futbolçular kimi yox, komanda kimi oynadıq. Komandanın üzvlərinə, məşqçilər korpusuna "çox sağ ol” demək istəyirəm. Bu komandanın hazırlıq keçməyə çox da vaxtı olmadı. Buna rəğmən, hədəfə çatdılar.
- UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edən olub? Bu gün təyin olunmuş müddət başa çatır...
- Bu günədək heç bir komanda müraciət etməyib. Ona görə də məsələyə Apellyasiya Komissiyasında baxılmayacaq. Yəni, son gündür.
- Bu turnirdəki nəticəyə əsasən Yaşar Vahabzadənin müqaviləsinin müddəti artırıla bilər?
- Yaşar Vahabzadə U-21 yığmamızın baş məşqçisidir. Heyəti yaxşı tanıdığını, artıq onlarla iki ildir birgə işlədiyini nəzərə alaraq, həmin məşqçilər korpusuna tapşırdıq ki, İslamiadaya hazırlasın. Həm komandanı daha yaxşı tanısın. Bu, gələcək üçün də lazımdır. Çünki heyətdə bəzi gənc futbolçular var. Vahabzadə işini U-21-də davam etdirəcək.
- Əsas komandanın baş məşqçisi Robert Prosineçkinin U-23-ün heyətində bəyəndikləri oldu?
- Prosineçki ilk 3 oyunu və yarımfinal görüşünü izləyib. Təbii ki, Şimali İrlandiya ilə qarşılaşmadan sonra öz fikrini bildirəcək. Amma qısa olaraq, söhbət etdikdə bildirdi ki, perspektivli futbolçular var. Rəqiblərlə bağlı deyə bilərəm ki, avropalı rəqiblər güclü olsalar da, onlara qarşı oynamaq bizim üçün asandır. Çünki hamısını tanıyırıq, onlarla keçmişdə oynamışıq, oyun üslublarına bələdik. İslamiadada isə sürprizlərlə dolu rəqiblər idi. Dünya çempionatlarında sürprizlər göstərən Şimali Afrika komandaları gəlmişdi. Burada da ən çox onların sürpriz edəcəklərindən ehtiyatlanırdıq. Ona görə də ilk oyunlarda məsuliyyətlə çıxış etmək çox vacib idi.
- İslamiadadakı qalibiyyət yeni Dövlət Proqramı üçün tramplin sayıla bilər?
- Ola bilər. Amma bu, artıq bizə aid olan məsələ deyil.