Əfsanəvi italiyalı hücumçu Françesko Totti "Roma"nın heyətində son oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, 41 yaşlı oyunçu klubda 25 illik futbolçu karyerasını başa vurub.
"Roma" İtaliya A seriyasındakı son oyununda "Cenoa"nı qəbul edib.
Totti meydana ikinci hissənin əvvəlində çıxıb. Matç həm də intriqa xarakteri daşıyıb. "Roma" Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək imkanı verən ikinci yeri uğrunda "Napoli" ilə mübarizə aparıb. Oyunun 90-cı dəqiqəsində paytaxt təmsilçisi 3:2 hesablı qələbə gətirən qolu vurub. Beləliklə, "Roma" da "Yuventus" kimi İtaliyanı ÇL-in qrup mərhələsində təmsil edəcək.
Qarşılaşmanın sonunda Tottinin azarkeşlərlə vida mərasimi keçirilib.
"Təəssüf ki, həmin an gəlib çatdı. Mən düşünürdüm ki, o, heç vaxt gəlməyəcək. Mən bu günlərdə özüm haqqında çox gözəl şeylər oxudum. Hər gün dəli kimi ağladım. Bu illər ərzində yanımda olduğunuz üçün sizə təşəkkür edirəm" deyə o, azarkeşlərə müraciətində bildirib.
Qeyd edək ki, Françesko Totti "Roma"da keçirdiyi 785 oyuna 307 qol vurub. O, həm də 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu adını qazanıb. Futbolçu "Skuadra Adzurru"da 58 matç keçirib və 9 qol vurub. Totti İtaliya çempionatını cəmi bir dəfə – 2001-ci ildə qazanıb.