"Bu nəticə məni çox məyus etdi". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının IV turunda AZAL-a evdə 1:2 hesabı ilə uduzan "Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumıniyalı mütəxəssis komandasının sonadək oyuna nəzarət etməsinə baxmayaraq, iki gözlənilməz qol buraxdığını bildirib: "Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Muntyanu təcrübəli futbolçu Andrey Kristyanın oyunundan narazılığını da gizlətməyib: "Təəssüf ki, Kristya yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”.