
Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Məsimovla müqavilə bağlayan Rusiyanın "Fakel" klubunda ciddi maliyyə problemləri var. Sportnet.az-ın məlumatına görə, Voronej komandasının oyunçuları hələ aprelin əvvəllərində son 2,5 ayın əmək haqqı və mükafat borclarının ödənilmədiyini açıqlayıblar.
Onlar tətilə başlamaq və məşqlərə çıxmamağa hazır olduqlarını bildiriblər. Bundan bir neçə gün sonra klub prezidenti Yevgeni Severgin oyunçularla görüşərək, onlara maliyyə sabitliyinə dair söz verib. Lakin heç nə dəyişməyib. Futbolçular isə Rusiya Futbol İttifaqının Mübahisələrin Həllinə dair Palatasına müraciət etmək niyyətlərini dilə gətiriblər. Ötən mövsümün sonunda isə "göy-ağlar"ın heyəti demək olar ki, tam dəyişib. Komandanı 19 nəfər tərk edib.
İndi isə Severgin futbolçulara borcu avqustun 1-dək bağlayacağına söz verib. Onun fikrincə, gecikmələrlə bağl vəziyyət yazıldığı kimi fəlakət həddində deyil: "Oyunçularla danışmışıq. Demişəm ki, iyulun ortalarından avqustun əvvəllərinədək bütün borclar ödəniləcək".
Qeyd edək ki, "Fakel" bir müddət komandada baxışda olan Samir Məsimovla ötən gün müqavilə bağlayıb.