Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ” Bakıda Polşa təmsilçisi "Yagelloniya”nı qəbul edib. "Zirə” isə Rumıniyanın Curcu şəhərində "Astra”nın qonağı olub. Hər iki oyunda komandalarımız meydanı qələbəsiz tərk edib.
Ötən iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran "Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulub. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşmada hesabı ilk yarıda qonaqlar açıb. Kapitan Taras Romançuk künc zərbəsindən sonra başla fərqlənib. Meydan sahibləri isə xeyli imkana malik olsalar da, yalnız birindən yararlanmağı bacarıblar. İkinci hissənin əvvəllərində yeni transfer Stiven Jozef-Monroz İlqar Qurbanovun zərbəsindən sonra dirəyə dəyib qayıdan topu tora göndərib. Beləliklə, ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılan "qırmızı-qaralar" növbəti mərhələ şanslarını çətinləşdirib.
Avrokuboklarda ilk mövsümünü keçirən "Zirə” isə "Astra" ilə səfər matçında uduzub. İlk yarıda rəqibin qoluna dərhal Rəşad Sadiqovla cavab verən Azərbaycan təmsilçisi fasilədən sonra qapısında daha iki qol görüb - 1:3. Beləliklə, Ayxan Abbasovun baş məşqçi olduğu komandaya Bakıda ən azı 2 cavabsız qolla qalib gəlmək lazım gələcək.
Qeyd edək ki, cavab görüşləri iyulun 20-də keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
21:00. "Qəbələ” (Azərbaycan) – "Yagelloniya” (Polşa) - 1:1
Qollar: Stiven Jozef-Monroz, 47 - Taras Romançuk, 15
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. "Bakcell Arena”
21:30. "Astra” (Rumıniya) – "Zirə” (Azərbaycan) - 3:1
Qollar: Alexandru İonitsa, 31. Alexandru Dandya, 55. Entoni Le Tallek, 74 - Rəşad Sadiqov, 34
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Curcu. Marin Anastasoviçi stadionu.