İspaniya milli komandasının 2009-cu ildə Azərbaycan yığması ilə keçirdiyi yoldaşlıq görüşü ilə bağlı yarım milyon avroluq yeyinti faktı ortaya çıxıb.
Sportnet.az-ın ABC nəşrinə istinadən məlumatına görə, Bakıda təşkil olunmuş oyun qarşılığında AFFA-nın ödədiyi 700 min avrodan İspaniya Krallığının Futbol Federasiyasına (RFEF) cəmi 200 min avro çatıb.
Səbəb kimi RFEF-in həbs olunan prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyarın fırıldaqçılığa yol verməsi göstərilir. Ata Vilyar idmanda hüquqi yardım şirkətində çalışan oğlunun qazanc əldə etməsi üçün bu addımı atıb. Onların əvvəllər də yoldaşlıq görüşlərindən bu cür gəlir götürdükləri üzə çıxıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, ata-oğul 6 federasiya - Cənubi Koreya, Venesuela, Çili, Meksika, Kolumbiya və Argentina yığmaları ilə üst-üstə 13 yoldaşlıq görüşünün təşkili ilə bağlı müqavilələrdən yarım milyon avro mənimsəyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - İspaniya matçında qonaqlar böyük hesabla qalib gəliblər - 6:0.
Anxel Mariya Vilyar və oğlu korrupsiya ittihamı ilə həbs olunub. 67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir. Vilyar mayda yenidən seçildiyi quruma 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.