Fatih Terimin Türkiyə milli komandasının baş məşqçi postundan istefası şok effekti yaradıb. Sportnet.az Terimi belə bir qərara sövq edən prosesləri xatırladır...
2016-cı il Avropa çempionatına vəsiqə qazandıqdan sonra "ay-ulduzlular"ın işləri qaydasında ikən final mərhələsi zamanı mükafat böhranı yaşanıb. Nəticədə İspaniya ilə oyun zamanı Arda Turan fitə basılıb. Arda tənqidlərə cavab verdikdə gərginlik daha da böyüyüb. Qarşılaşmadan sonra mükafat böhranı ən çox müzakirə olunan mövzuya çevrilib.
2018-ci il dünya çempionatının seçmə mərhələsinin Xorvatiya ilə oyunu üçün açıqlanan heyətə Arda Turan, Selçuk İnan, Burak Yılmaz, Gökhan Gönül, Caner Erkin və Hakan Balta daxil edilməyib. 4 oyun belə davam etdikdən sonra yığmanın sabiq futbolçusu Emre Belözoğlunun vasitəçiliyi ilə Arda heyətə qayıdıb.
Lakin baş məşqçi ilə aparıcı oyunçu arasındakı gərginlik bununla səngiməyib. Terim bu qərarı ürəkdən qəbul etmədiyini açıq-aşkar dilə gətirib. Günlər keçdikcə tərəflər arasındakı problem unudulmağa başlayıb. Ta iyunun əvvəllərində Kosova ilə oyun üçün Makedoniyadan uçan təyyarədə yaşananlara qədər... Həmin vaxt Arda AVRO-2016 müddətində onun haqda yazılara etiraz edərək, jurnalist Bilal Meşeyə hücum edib. Daha sonra o, yığma karyerasını başa vurduğunu açıqlayıb. Terim isə bu müddətdə prosesləri düzgün idarə edə bilmədiyi üçün yenə tənqidlərə hədəf olub.
Ötən həftə isə baş məşqçi ilə bağlı meydandankənar olay baş verib. Alaçatıda istirahət etdiyi vaxt Terim iş adamı Selahattin Aydoğdu ilə dalaşıb. Olay ictimaiyyət arasında böyük müzakirələrə səbəb olub. Təcrübəli mütəxəssis mətbuat konfransı keçirərək, hadisə barədə danışıb. Amma onun davranışı tənqidlərlə qarşılanıb.
Son olaraq, Terim və millinin keçmiş qapıçısı Rüştü Reçber arasında yaşanan yazılı mübahisə prosesin sonunu gətirib. Reçber köşə yazısında baş məşqçinin Alaçatıdakı davadan sonra istefa verməsinin gərəkliyinin vurğulayıb. Əvəzində Terim ona sərt formada cavab verib.
Xoşagəlməz olaylarla gündəmdən düşməyən baş məşqçi yekunda istefa qərarı verib.