"Ağır oyun oldu. "Panatinaikos" yaxşı komandadır. Rəqib 2-ci və 3-cü qolları da vura bilərdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Baqali Dabo Yunanıstan "Panatinaikos"una 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.
Fransalı hücumçu bildirib ki, belə nəticə özü və komanda yoldaşları üçün kifayət qədər xoşdur: "Azarkeşlərimizi təbrik etməliyik. Çünki 0:1 hesablı məğlubiyyət bizim üçün yaxşı nəticədir".
Zədədən sonra ilk matçına çıxan Dabo qol vura bilməsə də, cavab oyunu barədə nikbin danışıb: "Ümidvaram ki, Bakıdakı görüşdə vəziyyəti dəyişəcək və "pley-off"a vəsiqə qazanacağıq".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək təkrar qarşılaşma saat 21:00-da başlanacaq.