"Zirə"nin gənc hücumçusu Vüsal İsgəndərli "Sumqayıt"ı 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, 2 qol vuran futbolçu qarşıdakı oyunlarda da bu cür oynayıb liderliyi saxlamaq niyyətində olduqlarını bildirib:
- Qələbə qazandınız, əsas pay sahibi də sən oldun, dubl etdin. Bu barədə nə deyə bilərsən?
- Qələbədə hamımızın əməyi oldu, xüsusən baş məşqçinin mənə güvənərək oyuna buraxması matça daha da yaxşı təsir bağışladı. Mən də çalışdım ki, onun ümidlərini maksimum şəkildə doğruldam.
- İlk hissədə demək olar ki, çox sönük oyun keçdi. Lakin ikinci hissədə biz bunun tamamilə dəyişdiyini gördük. Baş məşqçi fasilədə sizə nə dedi ki, oyunun axarı bu cür dəyişdi və 3 qol vurdunuz?
- Ayxan Abbasov bizə fasilədə sadəcə inamı, özümüzə güvənməyi tapşırdı. Biz də ikinci hissədə onun dediklərin yerinə yetirdik və qalib gəlməyi bacardıq.
- Növbəti tur barədə nə deyərdin? "Qəbələ" ilə çətin oyun olacaq...
- Qarşıdakı oyunlara da çox yaxşı hazırlaşacağıq və qələbə qazanmağa çalışacağıq. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.
- Bu gün vurduğun iki qolu kimə həsr edirsən?
- Qollarımı ailəmə, xüsusən də atama həsr edirəm. Atamın səhhəti ilə bağlı problemləri var ona görə mən qollarımı ona həsr edirəm.