Azərbaycan Premyer Liqasının III turu "Qarabağ”ın futbolçusu Əfran İsmayılov və "Neftçi”nin kapitanı Ruslan Abışov üçün əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadə xəbər verir ki, onlar ölkə çempionatında 200-cü oyunlarını keçiriblər.
"Qəbələ” ilə matça (2:1) start heyətində başlayan Ə.İsmayılov bunadək 199 qarşılaşmada forma geyinmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən 29 yaşlı yarımmüdafiəçi ilk matçını da "Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi "Bakı”da 17, "İnter”, "Turan” və "Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.
R.Abışovun 200-cü oyunu isə "Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib (0:0). Ölkə çempionatında 2006/07 mövsümündə "Neftçi”nin heyətində debüt edən 30 yaşlı müdafiəçi 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.
Daha çox – 126 dəfə "Neftçi”nin şərəfini qoruyan Abışov "Qəbələ”də 44, "Xəzər Lənkəran”da 17, "İnter”də 13 dəfə meydana çıxıb.
Qeyd edək ki, hər iki futbolçu Azərbaycan yığmasının üzvüdür.