Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Roma" komandası İtaliya A Seriyasında VII tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi səfərdə "Milan"la qarşılaşıb.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 72-ci dəqiqədə Edin Ceko, 77-ci dəqiqədə isə Alessandro Florentsi vurub. Meydan sahibləri 80-ci dəqiqədə Hakan Çalhanoğlunun qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurublar.
Bu, "Roma"nın həftə ərzində ikinci səfər qələbəsi olub. Daha əvvəl "canavarlar" Bakıda "Qarabağ"ı Çempionlar Liqasının II tur matçında yeniblər - 2:1. A Seriyasındakı qələbə sayəsində "sarı-qırmızılar" 15 xalla 5-ci pilləyə yüksəlib. 12 xala malik "Milan" isə 7-ci pilləyə enib.
Qeyd edək ki, "Qarabağ"ın qrupdakı digər rəqiblərindən "Atletiko" İspaniya La Liqası matçında "Leqanes"lə səfərdə qolsuz heç-heçə edib. "Çelsi" isə İngiltərə Premyer Liqası qarşılaşmasında "Mançester Siti"yə uduzub - 0:1.