"Qəbələ”nin futbolçusu Stiven Monroz Topaz Premyer Liqasının VIII turunda səfərdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qəbələ”nin bugünkü oyunundan razı qaldınız?
- Əsas olan qələbə idi. Sumqayıtda oynamaq çətindir. Buna rəğmən, evə 3 xalla dönürük.
- Mütəxəssislər hesab edirlər ki, komandanın hazırda sərgilədiyi futbol çempion olmağa ümid vermir. Bununla razısınız?
- Necə olacağını öncədən demək olmaz. "Qəbələ” ötən mövsüm birinci yerdə getsə də, yekunda çempion ola bilmədi. İndi də əlimizdən gələni edirik, öz oyunumuzu nümayiş etdiririk.
- "Neftçi” ilə oyundan sonra Ruslan Qurbanovla aranızda baş verən insident barədə nə deyə bilərsiniz? Həmin hadisədən sonra nə dəyişib?
- Bu məsələnin öz aramızda qalmasını üstün tuturam. Öz ailəmizdə olan problem idi, indi hər şey yaxşıdır.
- Klub rəhbərliyinin bu olaya görə sizi 10 min dollar cərimələməsi doğrudur?
- Belə suallara cavab vermirəm. Bu barədə mənə heç bir xəbər gəlməyib.
- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ”ın "Atletiko” ilə oyununu tribunadan izləyəcəksiniz?
- Həmin vaxt Qəbələdə olacağıq. Gəlib-gəlməyəcəyimizi bilmirəm. Azərbaycanın komandasıdır, bol şans, uğurlar diləyirəm.
- Fransa yığmasında oynamısınız. "Atletiko”nun futbolçusu olan həmyerliniz Antuan Qrizmannla münasibətiniz var?
- Fransa millisinindən bəzi oyunçuları tanıyıram. Hərənin öz həyatı var. Bu, sadəcə tanışlıqdır.