
Daha bir məşhur futbolçu Hindistanda çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, bu, 2010-cu ilin dünya çempionatında Braziliya milli komandasının heyətində forma geyinmiş Elano Blumerdir.
33 yaşlı hücumameylli futbolçu Hindistanın "Çennay Titans" klubunun uğurları üçün çalışacaq. Yeni yaradılmış komandanın baş məşqçisi İtaliya yığmasının heyətində 2006-cı ildə dünya çempionu olmuş Marko Materassidir. Maraqlıdır ki, sabiq müdafiəçi, anlaşmaya görə, istədiyi vaxt oynaya da bilər.
Elanoya gəldikdə, braziliyalı ilə birgə sabiq "Bolton", "Hall Siti" və PSJ-li Bernar Mendi, eyni zamanda "Mançester Siti"də oynamış Boyan Corciç də artıq ictimaiyyətə təqdim edilib. Hindistan klubunun texniki məsləhətçisi Prasxant Aqarval Sky Sports-a bildirib ki, son iş yeri "Qremio" olmuş "sambaçı" artıq komanda ilə məşqlərə başlayıb.