1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Müəmmalı yerdəyişmə, "stəkanın yarısı" və yenə qeyri-peşəkarlıq
Topaz Premyer Liqasının növbəti turu arxada qaldı. Keçirilən oyunlardan sonra bəzi məsələlərə qismən də olsa aydınlıq gəldi.
"Zirə” lideri özündən 10 xal uzaqlaşdırmaqla, çempionluq mübarizəsindən demək olar ki, qopdu. "Sumqayıt” isə "Neftçi”yə qalib gəlməklə, avrokuboklara ümid verən dördüncü yerdə möhkəmləndi. Bundan sonra 4-cü yeri kimin tutacağına Kamran Quliyevin yeni prezident kimi "Neftçi”yə nə dərəcədə təsir edə biləcəyi və onun "Sumqayıt” üçün nə qədər itki olması aydınlıq gətirəcək.
"Keşlə” "Kəpəz”ə səfərdə qalib gəlməklə, gəncəliləri mütləq autsayderə çevirdi.
Yarışmada hər hansı stimulu olmayan "Səbail” məğlub olsa da, onun "Qarabağ”a ciddi müqavimət göstərməsi alqışalayiqdir.
İndi isə oyunlardan yadda qalan məqamlara baxaq...
"Zirə” "Qəbələ” ilə səfər matçında hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilmədi. Bu komandaların görüşündə Voyislav Stankoviçin oynamaması hardasa "Qəbələ”nin işinə yaradı. Çünki "Zirə” oyunu əks-hücumda, sürətli Riçard Qadzenin üzərində qurmuşdu. Belədə Ürfan Abbasov sürəti və cəldliyi ilə onunla ayaqlaşa bilirdi. Düzü, Abbasovun nə dərəcədə sürətli olması barədə o qədər də dəqiq məlumatım yoxdur. Amma onun əvvəllər cinahda oynaması və nisbətən yığcam olması sürətli olmasını düşünməyə əsas verir. Hər halda bir-iki epizodda Qadzeyə çata bildi.
Oyunun gedişində sol cinah müdafiəçisi kimi çıxış edən Təmkin Xəlilzadə eyni işləri sağ cinahda görən Qismət Alıyevlə yerlərini dəyişdi. Bunu necə başa düşmək olar? Axı solaxay müdafiəçi solda, sağayaqlı sağda faydalıdır - qapı ağzına "asmalar” etmək üçün. Yaımmüdafiəçilər isə "əksayaqlı” olanda faydalıdır - qapıya zərbə vurmaq üçün. Solaxay oyunçu sağda oynayirsa, bu, cinahdan cərimə meydançasına tərəf gəlib qapıya zərbə vurmaq üçündür və əksi, sağayaqlı da sol cinahda eyni məqsəd üçündür. Mənim nə demək istədiyimi elə bu görüşdə Aleksandr Dedov qolu ilə göstərdi. Sol tərəfdən qapıya tərəf driblinq və fintlə yaxınlaşıb sağ ayaqla qol vurması əla bir nümunədir. Bunu adətən yarımmüdafiənin cinahında çıxış edən futbolçular, vingerlər edirlər.
Amma Roman Qriqorçuk yarımmüdafiəçilərin yox, oyunun gedişində müdafiəçilərin yerini dəyişməklə onları "əksayaqlı” etmişdi. Biz istisna etmirik ki, yerdəyişmə məhz qapıya zərbə üçün idi. Bunu bir taktiki yenilik kimi də qəbul etmək olardı. Amma nə Alıyev, nə də Xəlilzadənin cinahdəyişmə vaxtı qapıya bir zərbəsinə də şahid olmadıq. Deməli, nə isə başqa səbəb vardı. Bu səbəb isə Xəlilzadənin cinahında oynayan rəqibi ilə bacarmaması ola bilərdi. Əvəzlənməsi də belə düşünməyə əsas verir. "Zirə” isə süni meydana vərdiş aldığından, futbolçuları təbii ot örtüyündə, sürüşüb yıxılırdılar. Bu hal onların oyununa və nəticəyə az təsir etmədi.
Maraqlı qarşılaşmalardan biri də "Sumqayıt” - "Neftçi” görüşü idi. Matçdan bir gün əvvəl "Sumqayıt"ın prezidenti postundan ayrılan Kamran Quliyevin "Neftçi”yə keçməsi oyunu bir qədər də maraqlı etmişdi. Quliyevin necə idarəçi olduğu "Sumqayıt"dakı işlərindən məlumdur. Klub idarəçisinin transfer olunması bir qədər başa düşülməsə də, bu barədə də çox yazıldığından, əlavə şərhə, zənnimcə, ehtiyac yoxdur.
Samir Abbasovun oyundan dərhal sonra telekanala açıqlamasındakı fikirlərinin təfsiri isə təxminən belə idi: "Kamran müəllim, biz də balaca klub deyilik, bax, görürsünüz, bizdən üstün sayıb keçdiyiniz "Neftçi”ni udduq. Mənə də təklif gəlmişdi, amma bu azərbaycanlı balalarını atıb gedə bilməzdim, amma sən getdin”.
Doğrudan da bir rəhbərin getməsindən bütün komanda təsirlənibsə, şok keçiribsə, deməli, Kamran Quliyev bir idarəçi, bir rəhbər, bir prezident kimi çox yaxşı funksioner olub. Hər prezidentin gedişindən heç də həmişə təsirlənmirlər. Əksər halda sevinirlər.
"Qarabağ” "Səbail”lə oyuna ənənəvi 4-1-4-1 taktikası ilə çıxmışdı. "Qəbələ” ilə görüşdən fərqli olaraq, bir dəyişiklik var idi. Rahid Əmirquliyevin yerinə Miçel oynayırdı. Qeyd edək ki, "Səbail” daha çox pressinq edir, hücuma keçirdi. "Qarabağ" isə sanki əks-hücumlarda oynayırmış kimi görünürdü.
Donald Gerryenin müdafiəçi kimi hələ də vərdiş almadığı onun geriyə gəlməsində ləngimə ilə müşahidə olunurdu. Rəşad Sadıqov məcburən onu sığortalamalı olurdu. Nəhayət, Ansi Aqolli oyuna girib sol cinaha yerləşəndən sonra Sadıqov da, irəli çəkilən Gerrye də rahat nəfəs aldı. Soldakı Pedro Enrike bu əvəzetmədən sonra sağa, sağdakı Dani Kintana mərkəzə keçdi. Kintana demişkən, birinci hissənin sonunda onun vurduğu cərimə zərbəsinə Emil Balayevin reaksiyası möhtəşəm idi. Dünyanın ən yaxşı qapıçıları buna həsəd apara bilərdilər.
Oyunların hakimliyinə gəlincə, ümumən normal idi. Stəkanda yarıyadək su varsa, məncə, onda "stəkan yarsınacan boşdur” yox, "stəkan yarıyadək doludur” deməliyik. Amma "Qəbələ” - "Zirə” oyununun birinci hissəsinin sonunda, hesab 1:0 "Zirə"nin xeyrinə olarkən, "Qəbələ”nin oyunçusu Qismət Alıyevin Aleksandr Dedovu çəkib yerə sərməsinin qırmızı olub-olmaması (hakim sarı verdi), "Kəpəz” - "Keşlə” görüşündə, oyunun sonlarında hesab 1:0 "Keşlə”nin xeyrinə olarkən, paytaxt klubunun müdafiəçisi Denis Silva Kruzun öz cərimə meydançaları daxilində gəncəlilərin oyunçusu İlkin Sadıqova müdaxiləsi, "Sumqayıt” - "Neftçi” görüşündə hesab 0:0 olarkən, videoçəkilişdən görüntü nə qədər aydın görünməsə belə, verilən penalti müzakirə mövzusudur.
Yeri gəlmişkən, biz oyunların çəkilişini yüksək qiymətləndirə bilmərik. Hər halda burada da "stəkan yarıyadək doludur” nikbin yanaşmasını əsas götürərək, 4 oyunun hamısının yayımlanmasını alqışlayırıq. Gözümüz Avropa ölkələrindəki peşəkar çəkilişlərə vərdiş alıb. Başa düşürük ki, dərhal belə professionallıq mümkün deyil. Amma qeyri-peşəkarlıq da olmaz axı!
Konkret bir-iki misal göstərəcəyəm: "Səbail” - "Qarabağ” görüşünün əvvəllərində zədədən yeni qayıdan Miçel kobud müdaxiləyə məruz qalır və ağrıdan yerdə qovrulur. Bizə isə təkrar kimi Dani Kintanaya qarşı edilən kobudluğu göstərirlər.
İkinci misal qolun təkrarı ilə bağlıdır. Bu epizodda təkrara baxarkən, topun havada uçuşunu görürük, amma ötürməni kimin verdiyini görmürük. Halbuki, bu ötürmə qol qədər dəyərlidir. Hətta deyərdim ki, qoldan da dəyərlidir. Elə zərgər dəqiqliyi ilə verilmişdi ki, bunu istənilən oyunçu qapıya sala bilərdi. Yəni epizodda ən azı qol qədər ötürmə də qabardılmalı idi. Amma biz təkrara baxanda topun hətta kimin ayağından çıxdığını görmürük. Bu nədir? İşini sevməmək, yoxsa qeyri-peşəkarlıq?
Vüqar MƏMMƏDOV