"Səbail"in futbolçusu Fəhmin Muradbəyli "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, ikinci qolun müəllifi əvvəlcə oyunu dəyərləndirib...
- Belə çətin oyunun olacağını gözləyirdik. Baş məşqçimiz Samir Əliyev "Qəbələ"ni yaxşı analiz etmişdi. Meydanda nə etməyin lazım olduğunu bilirdik. Məncə, hər iki komanda çox gözəl mübarizə apardı. Həm "Qəbələ"nin, həm də "Səbail"in qol imkanları oldu. Biz ikisindən, rəqib isə birindən yararlandı. Hər iki komandanı təbrik edirəm. Öz komanda yoldaşlarımı və rəhbərliyimizi təbrik edirəm. Gözəl oyun sərgilədik. Məncə, keçən tur uduzmağımıza baxmayaraq, "Qarabağ"a qarşı da yaxşı oynamışdıq. Premyer Liqada birinci ildir çıxış etsək də, debütant olduğumuzu meydanda göstərmirdik. Bu, çox sevindirici haldır.
- Bunu "Səbail" üçün önəmli qələbə saymaq olar?
- İlk dəfə idi "Qəbələ"ni yenirdik. Düşünürəm ki, ən vacib qələbəmizi qazandıq. Bizə xallar da lazımdır. Öz yerimizi qorumaq və önümüzdəki rəqiblərə çatmaq üçün 3 xal qazanmalı idik. Xal fərqində "Neftçi"dən bir qədər geri düşmüşdük. Düzdür, "Neftçi" mənim klubumdur, futbola addımlar atdığım vaxtdan bu komandada böyümüşəm. Bu klub həmişə qəlbimdə olacaq. Bura icarə əsasında gəlmişəm. "Səbail"də "Neftçi"nin adını da ucaldıram. Burada həm məşqçilərin mənə etimadını doğruldur, həm də "Neftçi"də məni gözləyənlərin. "Səbail"də hər oyun meydana çıxıb 90 dəqiqə oynamaqla, əsas milliyə dəvət almağı hədəfləmişəm.
- "Neftçi"yə yenidən qayıdacağına ümidlisən?
- Əlbəttə, müqaviləm bitdikdən sonra "Neftçi" rəhbərliyi ilə söhbətim olacaq. Hazırda elə yaşımdayam ki, mənə mütəmadi oynamaq lazımdır. "Neftçi"yə qarşı heç bir qərəzim yoxdur. Sırf orada oynamaq üçün onlarla danışacağam. Alınmasa, yenə icarə əsasında başqa komandada çıxış ecəcəyəm. Nə qədər ehtiyatda oturmaq olar? Cavan yaşında oturdunsa, böyüyəndən sonra heç nə edə bilməzsən.
- Yeni klubunda artıq 2 qol vurmusan. Hesab etmirsən ki, burada hücumda oynamağının da rolu olub?
- 14-15 yaşlarımda hücumçu kimi çıxış edirdim. Sonradan millidə cinah yarımmüdafiəçisi kimi çıxış etdim. Bu mövqedə də oyunum yaxşı alındı. Beləliklə, mənə daha çox cinah yarımmüdafiəçisi kimi üstünlük verdilər. Düzdür, müdafiəçi kimi də oynamışam. Məni komandanın uğuru naminə mərkəz müdafiəçisi mövqeyində də qoysalar, əlimdən gələni edərəm. Hazırda isə özüm də hiss edirəm ki, sağ cinah yarımmüdafiəçisi mövqeyi özüm üçün də çox çətindir. Hücumda oyunum daha yaxşı alına bilər. Heç vaxt müdafiəçi olmadığımdan, rəqib üzərimə gələndə çaşıram, bilmirəm necə edim. Bunlar üzərində də çalışmaq lazımdır. Çünki sabah heç nəyi bilmək olmaz. Ola bilsin, gələcəkdə müdafiənin sağında oynadım. Ona görə də əlimdən gələni edirəm ki, məşqçilərin etimadını doğruldum.
Təbriz QULİYEV