1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Dünya çempionatı və Çempionlar Liqasının finalını çəkmək istəyirəm" - MÜSAHİBƏ - FOTOLAR
İdman Araşdırmalar Mərkəzinin 2017-ci ilin ən fəal fotoqrafı kimi mükafatlandırdığı "Report" İnformasiya Agentliyinin fotoqrafı Firudin Səlimovun martın 1-də 27 yaşı tamam olub. Daha çox idman tədbirlərindəki fotoları ilə məşhurlaşan Firi Səlim (özünü sosial şəbəkələrdə belə tanıdıb) Sportnet.az-a müsahibəsində bu sahəyə gəlişindən, uğurlu işlərindən danışıb, özü ilə bağlı eksklüziv xəbəri çatdırıb...
- Fotoqraflığa gəlişin necə oldu?
- Fotoqraflığa 2013-cü ilin sonlarında başlamışam. Bakı Jurnalistika Məktəbində oxumağa başladım. Orda kurs keçdim. Düzü, 2012-ci ilə kimi bu sahəyə marağım olmayıb. Fotoqraf olmaq barədə düşünməmişəm. Bu sahəyə marağım 2013-cu ilin əvəllərində yarandı. Sonra bu sahəni öyrənməyə başladım. İlk müəllimim Əhməd Muxtar olub. Daha sonra 3 aylıq kursu bitirdikdən sonra Əhməd Muftarın yanında çalışdım. O, fotoqraflıq sənətini mənə öyrədirdi. Daha sonra isə 6 ay Qızıl Aypara Cəmiyyətində işlədim. 2015-ci ilin sonlarında "Report" İnformasiya Agentliyindən təklif gəldi. İlk işim isə 2015-ci ilin idman yekunlarına dair tədbir idi. Həmin mərasimdə "Report" Gənclər və İdman Nazirliyi tərəfindən İlin agentliyi kimi mükafat aldı. Beləliklə, bu agentlikdə işləməyə başladım. Etiraf edirəm ki, burada daha da inkişaf etdim.
- İdman yarışlarını çəkməyə nə vaxtdan başlamısan?
- İlk belə işim 2014-ci ildə olub. "Qarabağ”ın Maltanın "Valletta” klubunu Bakıda 4:0 hesabı ilə məğlub etdiyi oyunu çəkmişəm. Daha sonra Avstriya "Zalsburq”u ilə oyunda oldum. Balaca fotoaparatım var idi. Həmin matçlara akkreditasiya aldım. Həm futbolda, həm də idman sahəsi üzrə ilk çəkdiyim oyunlar bunlardır.
- "Report"da çalışmağa başlayandan sonra idman tədbirlərinə daha çox göndərilmisən. Hansı böyük tədbirlərdə iştirak etmisən?
- Bəli, idmana marağım var idi. Çempionlar Liqası və Avropa Liqasının oyunlarını çəkmişəm. Azərbaycan milli komandasının seçmə mərhələdəki son oyunlarının hamısında fotoqraf kimi iştirak etmişəm. İslam Həmrəyliyi Oyunlarını da olmuşam. Amma Avropa Oyunlarında iştirak etmədim. Həmin vaxt 6-7 ay fotoqraflıqdan uzaqlaşdım. İşsizlik oldu. Marağım bir az ölmüşdü.
- Sənin üçün idman fotoları arasında çəkdiyin ən uğurlu iş hansıdır?
- Xüsusi biri yoxdur. Özümün bəyəndiklərim var. Hər hansı birin fərqləndirə bilmirəm.
- Daha çox hansı sahələrdən şəkil çəkməyi xoşlayırsan: İdman, Mədəniyyət, yoxsa hadisə?
- İdman daha gözəldir. İlk növbədə, futbol, daha sonra digərləri. Bu sahəyə marağım var. Futbolla uşaqlıqdan maraqlanıram. Ona görə bu sahədə işimi göstərmək mənə üstünlük verir. İşlədiyim agentliklə əlaqədar olaraq, hadisə də çəkirəm. Özümə də maraqlı gəlir. Təkcə idmanla kifayətlənmirəm.
- Çəkdiyin fotolar bir neçə dəfə sosial şəbəkələrdə müzakirə olunub. Təbii ki, yaxşı mənada. Bu sənə əlavə stimul verir?
- Əlbəttə. O an hər bir fotoqraf üçün sevindiricidir. Fotoqrafın çəkdiyi şəkil gündəmdə qalırsa, bu, sevindirici haldır. Bu, insana əlavə stimul da verir, üzündə təbəssüm də yaradır. İnsanlar səni bu cür tanıyırlarsa, növbəti işlərdə ən azı əvvəlki kimi özünü göstərməlisən. Çünki insanların ümidlərini puç etmək istəmirsən. Daha da yaxşı işlərlə yadda qalmağı fikirləşirsən.
- Futbolda milli komanda oynayanda azarkeşlik duyğusu iş prosesinə mane olmur?
- Bu işə təzə başlayanda olurdu. İndi isə yox. 2014 və 2015-ci illərdə 2-3 oyunu çəkirdim. Onda bir az olurdu. Son vaxtlar isə belə hallar olmur. Özümü işə kökləmişəm.
- Almaniya komandalarının azarkeşi kimi tanınırsan. Bu ölkənin komandası ilə bağlı hansısa planın var?
- Bəli. Bir eksklüziv xəbər açıqlamaq istərdim. Mən "Beşiktaş” və "Bavariya” komandaları arasında keçiriləcək oyuna akkreditasiya olunmuşam. İlk dəfə azərbaycanlı fotoqraf kimi Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununda iş başında olacağam. Düzü, 2001-ci ildən "Bavariya”ya azarkeşlik edirəm. Fotoqraflığa başlayandan bu komandanın oyununu çəkmək istəmişəm. Bu, ən böyük arzularımdan biri olub. Sadəcə, püşkdən sonra komanda "Beşiktaş”a rəqib oldu. Fikirləşdim ki, İstanbula getmək rahat olar. Həm dil baxımından, həm də akkreditasiyaya görə rahat olacağını düşündüm. Araşdırmağa başladım. Bəzi insanlar mənə çətin olacağını dedi. Orada proses başqadır. Media qurumu çoxdur. Çox maraqlandım. Daha sonra mənə mübət cavab gəldi. Pasportu və iş vəsiqəmi göndərdim. Fotoqraf olaraq, məni də qeydiyyatdan keçirdilər.
- Azərbaycan idman fotoqrafları arasında yenilik gətirmisən. Sanki fotolarda hər yer qaranlığa bürünür, çəkdiyin obyekt isə işıqlı görünür...
- Fotoaparatı bilən adam necə etməyin lazım olduğunu bacarır. Sadecə yerini və vaxtını düzgün seçmək lazımdır. Əsas məsələ budur. Əslində bu, sirr deyil. Bunu bacaran çox adam var. Sadecə, baxış fərqlidir.
- Hansı məşhur fotoqraflardan örnək götürürsən?
- Xüsusi biri yoxdur. Ümumi baxıram. Özümə görə prinsipim var. Fərq eləmir Çempionlar Liqası, Avropa Liqası, Premyer Liqa və digər çempionatlar olsun. Oyunlar bitən kimi internetdə fotolara baxıram. İzləyirəm görüm, nələr çəkilib. Hər birini analiz edirəm. Fikirləşirəm ki, mən necə çəkərdim. Onların texniki vasitələri bizdən üstündür. İmkanlar daha genişdir. Onlar hər həftə ən azı iki oyun çəkirlər. Biz isə az çəkirik: İl ərzində 8-9 oyun.
- Apreldə yeni sahədə özünü sınayacaqsan. Formula 1 üzrə Azərbaycan Qran Prisini çəkməyə hazırlaşırsan?
- Bəli, hazırlaşıram. Formula 1-ə bir ilə yaxındır hazırlaşıram. Mütəmadi olaraq, yarışla bağlı fotoları izləyirəm. Digər fotoqrafların da işinə baxmışam. Həm ölkəmizdə, həm də xaricdə olan yarışlara diqqət etmişəm. Ümid edirəm ki, maraqlı iş ərsəyə gətirə biləcəm.
- Ən çox hansı idman yarışını çəkmək istəyərsən?
- Dünya çempionatı və Çempionlar Liqasının finalını.
- Belə bir şey düşünürsənmi: Foto çəkəcəyəm və bu, mənim şah əsərim olacaq?
- Bəli düşünürəm.
- Bu, nə ilə bağlıdır?
- Onu sözlə ifadə eləmək olmur. Bu, yalnız mənim fikrimdədir. Həmin kadr zəif oyunda da ola bilər.
- Bu, futbolla bağlıdır?
- Bəli. Bu sahədə mükafatlar da almaq, fotoqrafın istədiyi ən böyük mükafatlara sahib olmaq istəyirəm.
- O səviyyəyərdə şəkil çəkmək istəyirsən?
- Əlbəttə. Hamı istəyər.
- Nəyi çəkmək istərdin ki, qeyri-adi olsun, sənin şah əsərin sayılsın?
- Hələ ki, yoxdur. Düşünürəm. Yeni ideyam yoxdur.
- Mükafatdan söhbət düşmüşkən, İdman Araşdırmalar Mərkəzi tərəfindən 2017-ci ilin fəal fotoqrafı seçilmisən. Necə düşünürsən: Bu mükafatı qazanmaqda daha çox Çempionlar Liqası, yoxsa İslamiadadakı fotolarının rolu oldu?
- Düşünürəm ki, Çempionlar Liqası fotolarına, yəni futbol sahəsindəki fəaliyyətimə görə mükafatlandırıldım. İslamiadadakı işimdəm çox da razı qalmadım. Səbəb isə vaxtın azlığı, bir çox yarışı çəkə bilməməyimdir. Çempionlar Liqasındakı fotolarımı isə uğurlu saya bilərəm. İlk dəfə idi ki, belə böyük turnir çəkirdim.
Təbriz QULİYEV