"Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, o, öncə oyunu dəyərləndirib...
- Erkən qol vurmağımız yaxşı oldu. Biraz sonra isə ikinci qolu vurduq. Həmişə olduğu kimi oyuna da biz nəzarət edirdik. Düşünürəm ki, komanda bu gün 3 xala layiqli oyun sərgilədi.
- Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bununla bağlı nə deyə bilərsən?
- Məşqçi mənə meydanda sərbəst hərəkət etmək imkanı yaradır. Bunun üçün sevinirəm. Bu gün də uğurlu alındı. Bəzən vəziyyətdən asılı olaraq, mövqeyimi dəyişirdim. Qol da vurdum.
- Növbəti oyun "Neftçi” ilə qarşılaşacaqsınız. Bu komanda yaxşı çıxış edir...
- Biz də bilirik ki, komanda yaxşı formadadır. Ardıcıl qələbələr də qazanırlar. Bu oyunda da meydana hər zaman olduğu kimi 3 xal üçün çıxacağıq. "Qarabağ” olaraq məqsədimiz budur. Onları isə çətinə salmağa çalışacağıq.
- Demək olar ki, "Qəbələ” çempionluq mübarizəsindən qopub. Bu sənin üçün gözlənilməz oldu?
- "Qəbələ”nin belə xallar itirməsi mənim üçün də gözlənilməz oldu. Heç kəsi hesabdan silmirik. Heç nə həll olunmayıb. Biz mübarizəmizi davam etdirəcəyik. Addım-addım irəliləyirik. Hər zaman qarşımızdakı növbəti oyuna baxırıq. Çempionatın qalan 9 turunda da eynisini etməyə çalışacağıq.
- Sənin fikrincə irəli xəttdə Mahir Mədədov istedadlıdır yoxsa Ramil Şeydayev?
- Bu məsələlər barədə danışmayaq. Bu qərarları məşqçi verir. Komandamızın bütün hücumçuları bizim üçün önəmlidir. Məşqçi start heyətdə Ramilə şans verdi. Bu məsələyə qarışmaq istəməzdim.